AZ   |   RU
İranın Ermənistana etirazı, Rusiyanın Tehrandan uzanan əli və İlham Əliyevin milli maraqlara söykənən siyasəti - ŞƏRH

 
Hazırda Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında mühüm bir çəkişmə səhnəsi mövcuddur. İkinci Qarabağ müharibəsinin bitməsindən sonra bölgədə dəngələr dəyişdi və bir növ Moskva ilə Qərb dairələri arasında regionda nüfuz uğrunda savaş başladı. 


Bölgənin üç dövlətindən Gürcüstan və Ermənistan qərbyönlü siyasət yürüdərək Rusiyanın regionla bağlı siyasətini çətin vəziyyətə salıblar. Tbilisi hər nə qədər də Moskva ilə ehtiyyatlı siyasət aparsa da, İrəvan Qərbin təhriki ilə Rusiya ilə körpüləri yandırmağa meyilli siyasət yürüdür. Bu da öz növbəsində Rusiyanın kəskin qəzəbinə səbəb olur. Ermənistanda Rusiyaya qarşı siyasi xəttin dəyişməsi əsasən baş nazir Nikol Paşinyanın Qərb dairələri tərəfindən hakimiyyətə gətirilməsindən sonra başladı. Paşinyanın atdığı addımların həmin dairələrin tapşırıqları əsasında olduğu heç kəsdə şübhə doğurmur.


 Moskva iki ölkə arasında yaranan ziddiyyətlərdən sonra İrəvanı Kremlə yaxın rus politoloqlar və Belarus prezidenti Aleksand Lukaşenko vasitəsilə xəbərdar edirdisə, son zamanlar bu tandemi dəyişdirərək, İran üzərindən mesajlar verməyə başlayıb. Məhz ötən gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin Ermənistana “ABŞ-ni bölgədə isəmirik” mesajı çox ehtimal ki, Kremlin istəyi ilə verilib. Çünki əvvəllər İran Ermənistana qarşı bu tipli mesajlar göndərmirdi. Bu tipli mesajların verilməsini Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun bir neçə gün öncə İrana səfər etməsi zamanı Tehranla bu məsələni razılaşdırdığını ehtimal etmək olar. 


Görünən odur ki, Rusiya politoloqlarının və Lukaşenkonun vasitəsilə Ermənistana verilən mesajlar Kremlin istədiyi nəticəni verməyib və Moskva bu siyasi xətti dəyişərək bundan sonra Tehran üzərindən İrəvana basqı etmək istəyir. Bir neçə gün bundan öncə İranın Ermənistandakı səfiri Mehdi Sübhani Ermənistanın baş nazirinin müavini Mxer Qriqoryanla İrəvanda regional məsələləri müzakirə etməsini də buna misal göstərmək olar. Rusiya Ukrayna müharibəsi səbəbindən Ermənistana daha çox təsir edə bilmir. 


Bu həqiqətdir ki, İrəvanın Moskvaya qarşı şıltaqlıqları Kremldə əsəbləri tarıma çəkib. Bunun nəticələri gələcəkdə Ermənistan üçün ciddi fəsadlar verə bilər. Buna misal olaraq Ukraynanı göstərmək olar. Kreml Kiyevdə hakimiyyət dəyişikliyi gerçəkləşdirə bilməsə də ölkənin infrastrukturuna ciddi zərbə vurdu, həmçinin Ukraynanın bir sıra torpaqlarını ələ keçirdi. Və belə bir nəticə gələcəkdə Ermənistan üçün də yaşana bilər. 


Ancaq İrəvandan fərqli olaraq Azərbaycan bölgənin əsas aparıcı gücləri ilə dostluq və qardaşlıq münasibətlərini inkişaf etdirir və qarşılıqlı münasibətlər çərçivəsində ölkələr arasındakı əlaqələr getdikcə böyüyür. Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan həm qonşu dövlətlərlə, həm də Qərblə yaxşı münasibətlərə sahibdir.


 Bu gün Ukraynadakı müharibə səbəbindən dünya iki yerə bölünüb və bir çox ölkələr məcburiyyət qarşısında qalaraq, tərəf seçməli olduqlarını bəyan etsələr də Azərbaycan belə bir seçim qarşısında qalmadı. Hazırda Azərbaycan Rusiya ilə strateji müttəfiq dövlət olmasına baxmayaraq, Qərb ölkələri ilə də isti münasibətlərə malikdir.


 Ötən gün Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfərini onun Azərbaycana nə qədər böyük dəyər verməsi kimi qiymətləndirmək olar. Çünki Kreml rəhbəri Ukrayna savaşı başlanadan sonra xarici ölkələrə çox nadir hallarda səfər edir və belə bir zamanda onun ölkəmizə səfəri Bakı üçün mühüm əhəmiyyət kəsb edir. 


Bundan əlavə, ölkəmiz cənub qonşumuz İranla da dərin əlaqələrə sahibdir. Bir müddət öncə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror aktından sonra iki dövlət arasında müəyyən gərginliklər yaşanmasına baxmayaraq, dövlətlər diplomatik kanallar vasitəsilə ilə bu gərginliyi aradan qaldırdı və bir müddətdən sonra Azərbaycan səfirliyi Tehrandakı fəalliyətini yenidən bərpa etdi. Hətta bir neçə gün bundan öncə İran Silahlı Qüvvələrinin Ədliyyə Təşkilatının rəhbəri Əhmədrza Purxaqanın Azərbaycan sərhədinə səfəri zamanı “Azərbaycanla sərhədimiz dostluq və qardaşlıq sərhədidir” fikri də iki ölkə arasında əlaqələrin yüksək templə inkişaf etdirdiyini açıq aydın göstərmiş olur. 


Bir sözlə, Azərbaycan həm qonşu, həm də digər ölkələr üçün etibarlı tərəfdaş statusunu qazanıb. Bütün bunlar isə Prezident İlham Əliyevin tutduğu xəttin kifayət qədər uğurlu və etibarlı olduğunu göstərir və bu xətt bilavasitə milli maraqlardan qaynaqlanır.



Daşqın Həsənov
Missiya.Az



  • 20-08-2024, 12:46