Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı zamanı bir çox önəmli məsələlərə toxunub. Ölkə başçısı çıxışında Hərəkatın tarixindən, prinsiplərindən, Azərbaycanın Hərəkata üzvlüyü və sədrliyindən, həmçinin Qarabağ münaqişəsinin tarixə qovuşmasından və “peyvənd millətçiliyi”ndən danışıb. Prezident İlham Əliyev bildirib ki, 1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynayıb.
Ölkə başçısından sitat:
“...BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik. Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir”, - sitatın sonu.
Xüsusilə qeyd etmək lazımdır ki, Təşkilatın dövlətlərin ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyi barədə prinsiplərinin olması Azərbaycanın maraqlarına tam uyğundur. Çünki ölkəmiz uzun illər erməni terrorundan və separatizmindən əziyyət çəkib. Qoşulmama Hərəkatının ərazi bütövlüyü ilə bağlı həssas yanaşması, ölkəmizin erməni separatizminə müqavimətini daha da artırıb.
Məsələn, Prezidentin də qeyd etdiyi kimi, Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana verdiyi dəstək olduqca dəyərlidir. Həmin ölkələr BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər. Prezidentin çıxışı zamanı toxunduğu əsas məqamlardan biri Azərbaycanın Hərəkata üzvlüyü və sədirliyi ilə bağlı olub.
Ölə başçısı bildirib ki, sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəlib.
Prezidentdən sitat: “Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. ...Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında mən vurğulamışdım ki, Azərbaycan sədrliyinin prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcəkdir. Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır”, - sitatın sonu.
Təbii ki, Qoşulmama Hərəkatına üzv olan dövlətlərin hər biri Azərbaycanın Təşkilatın inkişafında oynadığı rolu yüksək qiymətləndirir. Xüsusilə qeyd etmək lazımdır ki, 2019-cu ildə Qoşulmama Hərəkatının iclası Bakıda keçirilmişdi. Təşkilatda Azərbaycana verilən dəyərin bariz nümunəsi kimi Hərəkatın Zirvə Görüşünün Azərbaycanda keçirilməsini göstərə bilərik. Bu məqam Azərbaycanın qlobal nüfuzunun gündən-günə artmasını bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin Qarabağ münaqişəsinin bitməsi ilə bağlı Qoşulmama Hərəkatının tribunasından səsləndirdiyi fikirlərin də xüsusi önəmi var. Ölkə başçısı çıxışı zamanı, Ermənistan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-dən Azərbaycan əhalisinə qarşı genişmiqyaslı hücumundan danışıb.
Prezidentdən sitat:
“2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd etdiyim qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyimizi vurğulamaq istərdik”, - sitatın sonu.
Ölkə başçısı Qoşulmama Hərəkatının fəaliyyəti ilə yanaşı, qlobal problemlər və koronavirus pandemiyası fonunda dünyada hökm sürən “vaksin millətçiliyindən” də bəhs edib.
Prezident bildirib ki, Azərbaycan “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməkdədir.
İlham Əliyevdən sitat:
“Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır”, - sitatın sonu.
Ümumiyyətlə, Azərbaycan dünyada koronavirusun yeni mutasiyalarının yayılması fonunda peyvəndləmə prosesinə xüsusi önəm verir. İlham Əliyev Qoşulmama Hərəkatının sədri və Azərbaycan Respublikasının Prezidenti kimi dünyadakı “peyvənd milliyyətçiliyinə” açıq şəkildə qarşı çıxıb. Prezident dəfələrlə möhtəbər tribunalardan peyvəndlərin dünya əhalisi arasında ədalətli bölüşdürülməsinin tərəfdarı olduğunu bəyan edib. Ölkə başçısı humanistlik nümayiş etdirərək, koronavirusa qarşı peyvəndlərin ədalətli bölüşdürülməsi, kasıb dövlətlərin vətəndaşları üçün vaksinlərin alınmasının təşkil edilməsi barədə təkliflər irəli sürüb. Prezident “vaksin millətçiliyi”nin yolverilməzliyini, varlı dövlətlərin kasıb dövlətlərə qarşı göstərdiyi ögəy münasibəti sərt şəkil tənqid edib. Ədalətsiz vaksin bölgüsün aparıldığı bir zamanda ölkəmizin COVAX platformasının təşəbbüsünün tərəfdaşı kimi Özbəkistana 50 min doz AstraZeneka vaksini yardım kimi ayırması təqdirəlayiq addımdır.
Elvin Məmmədov
Missiya.AzMəqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.6. istiqaməti üzrə (Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi) hazırlanmışdır.