AZ   |   RU
Naxçıvan Dövlət Universitetinin uğurları Dövlət Proqramının icrası müstəvisində


                                  

Təhsil o zaman etibarlı olur ki, cəmiyyət üzvlərinin bütün yaşlardan olan təbəqələrini əhatə edə bilsin, dünyanın bu sahə üzrə ən son çağırışları ilə səsləşməyi bacarsın, mənsub olduğu xalqın, dövlətin və millətin aydın sabahına və parlaq gələcəyinə təminat yaratmağı bacarsın. 

Təbii olaraq, nəticə etibarılə, savadlı, ixtisaslı və müasir analitik təhlil keyfiyyətlərinə malik olan gənc nəslin, mütəxəssislərin formalaşmasına yol açsın. Məhz Naxçıvan Dövlət Universitetinin son beş ilə yaxın bir dövr ərzində qətiyyətlə müəyyən etmiş olduğu hədəflər bu məqsədlər çərçivəsində hər addımda reallaşır və özü ilə davamlı uğurlar gətirməkdədir. Gənc nəslin savadlanmasında, xüsusilə də, hədəf olaraq qəbul olunan, Milli Prioritetlərin daha da əlçatan olmasında zəruri mexanizm olan bu göstərici universitetimizin təhsil imkanlarının daha da yüksəldilməsinə, elmi mühitinin daha da yaxşılaşmasına, tədris şəraitinin əhatəsinin daha da genişlənməsinə səbəb olmuşdur.

Naxçıvan Dövlət Universitetinin bir çox tədris istiqamətləri ilə yanaşı bir hədəfi var: dövlətin göstərmiş olduğu hərtərəfli qayğı və diqqətin gətirmiş olduğu dəstəklə milli təhsilin üstün tutulması əsasında, dünya təhsilinə inteqrasiya olunma proseslərində fəal iştirak etmək, bu sahədə gənc nəslin daha da təkmilləşdirilməsinə şərait yaratmaqla, tələbəyönümlü elm və tədris mühitinin yaradılmasına töhfə vermək. 

Məhz bu dəyərlərin üstün tutulması ilə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbinə Kembric proqramı ilə qəbul imtahanının aparılması bəhs olunan hədəflərin əlçatanlığının gerçək ifadəsi olmaqdadır.

Müvafiq göstəricilərlə tanış olduqda aydın olur ki, qəbul imtahanında 6-cı sinif şagirdləri iştirak edib və ümumilikdə, 90- na yaxın məktəblinin qatıldığı imtahan prosesi 3 saat davam edib. 

Namizədlərə ingilis dili qrammatikasından 10, riyazi biliklər 30, ingilis dilində oxu materialları 30, dinləmədən isə 20 sual olmaqla ümumilikdə, 90 sual təqdim olunub.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində Kembric proqramı ilə 2024-cü ilin sentyabr ayından etibarən tədrisə başlanılacaq. Tədris tamamilə ingilis dilində həyata keçiriləcək. Böyük Britaniyadan müəllimlərin cəlb ediləcəyi tədris üçün yerli müəllimlərin də lazımi tələblərə cavab verməsi məqsədilə müxtəlif təlimlər təşkil olunacaq.

Onu bildirmək olar ki, Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi 22 iyul 2024-cü il tarixindən etibarən Kembric (Cambridge School) statusu alıb. Bununla da, ali məktəbin Beynəlxalq Məktəbinə Kembric Beynəlxalq Təhsil proqramı ilə 2024-2025-ci tədris ilindən başlayaraq, 1-ci və 6-cı siniflər üçün tədrisin həyata keçirilməsi istiqamətində beynəlxalq lisenziya sertifikatı təqdim olunmuşdur. Təbii olaraq, məhz bu nəticə ilə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi dünya miqyasında fəaliyyət göstərən Kembric məktəbləri şəbəkəsinə inteqrasiya olunmuşdur.

Kembric Universiteti (ing. University of Cambridge, lat. Universitas Cantabrigiensis) dünyanın olduqca qədim elm və tədris mərkəzlərindən biri olub, xüsusilə də, Böyük Britaniyanın yaranma tarixinə görə, Oksford Universitetindən sonra ikinci və dünyada dördüncü universitetidir. Naxçıvan Dövlət Universitetinin belə bir mərhələdə qərarlaşması, milli və beynəlxalq tədris imkanlarının düzgün dəyərləndirilməsi, ondan tələbələrin etibarlı ixtisaslaşması məqsədləri ilə səmərəli yararlanması mühüm əhəmiyyətinə görə seçilməkdədir. 

2023-cü ilin iyun ayından etibarən Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Məktəbin, cari ilin iyul ayında Kembric statusuna layiq görülməsi, ümumilikdə, Naxçıvan Dövlət Universitetinin on üç əsrilik inkişaf tarixi olan bir ali məktəbə - Böyük Britaniyanın Kembric Universitetinə inteqrasiya olunması sahəsində əldə etmiş olduğu potensialı ortaya qoymaqdadır.

Naxçıvan Dövlət Universitetinin beynəlxalq təhsil ailəsinin üzvü olmaq sahəsində tədbirləri ardıcıl, əlaqəli və sistemli olaraq davam etməkdədir. Universitetin IELTS Mərkəzində ardıcıl imtahanların keçirilməsi, mütəxəssis hazırlığı sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsinin ifadəsi olmaqdadır. 24-25 iyun 2024-cü il tarixlərində keçirilmiş olan növbəti imtahan isə, mahiyyət etibarı ilə General IELTS və akademik IELTS olaraq nəzərdə tutulmuşdur. Həmin imtahanda 60-a yaxın professor-müəllim heyəti iştirak etmişdir. Universitetimizin ingilis dili müəllimləri ilə yanaşı, eyni zamanda, ingilisdilli ixtisaslarda dərs deyən akademik heyətin də imtahanlarda iştirakı təmin olunmuşdur. Qeyd edək ki, imtahan xərcləri universitet tərəfindən qarşılanmışdır. 

Aydın olduğu kimi, Naxçıvan Dövlət Universitetinin həyata keçirmiş olduğu tədbirlər onun 2023-2027-ci illəri əhatə edən Strateji İnkişaf Planında da müəyyən olunmuş məqsədlərin və hədəflərin əlçatanlığına hesablanmışdır. Orada “Yüksək keyfiyyətli təlim və tədris prosesinin təşkili” adlı Məqsədin birinci hədəfi olaraq, göstərilir ki, “tələbə yönümlü təhsil yanaşmasını mənimsəyərək tələbələrin öyrənmə ehtiyaclarını analiz etmək və təhsildəki yeni trendləri müəllim heyətinin mənimsəməsi ilə auditoriyalarda tətbiqinə nail olmaq” aktual hesab olunur.

Məhz bu məqsədlər və hədəflər ölkə başçısı cənab İlham Əliyevin 5 iyun 2023-cü il tarixində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması haqqında Sərəncamın “İnsan kapitalının inkişafı” adlı  4.1.9. –cu Prioritetinin də məqsədlərinə tamamilə uyğun olmaqdadır. Belə ki, həmin prioritetin bəndlərində göstərilir ki, Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində təhsilverənlərin peşəkarlıq səviyyəsinin davamlı olaraq yüksəldilməsini təmin edən innovativ texnologiyalara əsaslanan ixtisasartırma təlimləri təşkil ediləcək, istedadlı uşaqlar üçün liseylərin və təmayülləşmənin əhatə dairəsi genişləndiriləcək, təhsil müəssisələrində elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) əsaslı tədrisin tətbiqi həyata keçiriləcək, Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsi icra olunacaqdır. 

Naxçıvan Dövlət Universitetinin həyata keçirmiş olduğu layihələr mütərəqqi elm və tədris potensialının formalaşmasına təminat yaratmaqla, bir sıra önəmli perspektivlər gətirməkdədir:

- tədris proseslərinin dayanıqlılığı sahəsində yeni mərhələlərin bir-birini əvəz etməsinə xidmət etmiş;

- alternativliyə və innovasiyaya əsaslanan təhsilin və elmi mühitin zəruri təsisatlarının yaradılmasına diqqət göstərmiş;

- milli və beynəlxalq səviyyələrdə ali təhsil və ya elmi araşdırma müəssisələri ilə qarşılıqlı əməkdaşlıqların inkişafına nail olmuş;

- müəllim və tələbə mobilliyinin, eyni zamanda, təcrübə mübadiləsinin davamlılığına və əlaqəliliyinə təminat yaratmış;

- elmi araşdırmalara stimullaşdırıcı təsir göstərilməsi məqsədilə, məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin olunmuşdur və s.

Yeni iqtisadi və sosial islahat tədbirlərinin indiki mərhələsində Naxçıvan Dövlət Universiteti çoxminli kollektivi ilə müəyyən olunan məqsədlər və hədəflər üzrə qətiyyətlə addımlamaqdadır. Ali məktəbin bakalavriat səviyyəsi üzrə 78 ixtisas, magistratura üzrə 75 ixtisaslaşma, doktoranturada 52 ixtisas və rezidentura üzrə 38 ixtisasda ümumilikdə, 10000-ə yaxın, o cümlədən, 7 ölkədən 1726 nəfərə yaxın xarici tələbə təhsil almaqdadır.

Göründüyü kimi, dünyanın müxtəlif ölkələrindən olan tələbələrin təhsil almış olduğu bir mərhələdə, universitetin Beynəlxalq Məktəbində qəbul imtahanlarının keçirilməsi qarşıdakı dövrlərdə beynəlxalq tədris münasibətlərinin daha geniş əhatədə təşəkkülü proseslərini təmin etmiş olacaq. Bununla yanaşı, bir-birini əvəz edən tədris illərinin qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərinin seçiminin də məhz Naxçıvan Dövlət Universitetinin olması bütün tədris proseslərində qarşıya qoyulmuş olan hədəflərin əlçatanlığını təmin etmişdir.

Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin bir sıra fakültələrində tədrisi ingilis dilində olan ixtisalara qəbul yüksək göstəricilər əsasında nəticələnməkdədir. Bu sırada, İqtisadiyyat və idarəetmə fakülstəsində “İqtisadiyyat”, Tibb fakültəsində “tibb”, Beynəlxalq Münasibətlər və Hüquq fakültəsində “Beynəlxalq münasibətlər”, Memarlıq və mühəndis fakültəsində isə “İnformasiya təhlükəsizliyi” və “Kompüter mühəndisliyi” ixtisaslarını qeyd etmək olar. Həmin ixtisaslar üzrə universitet tələbələrinin yüksək mütəxəssis olaraq formalaşması hər birimiz üçün qürur gətirmiş olacaq.

Buradan bir daha aydın olur ki, Naxçıvan Dövlət Universitetinin müəyyən etmiş olduğu yol düzgündür, cəmiyyətimizin mənafeyini tam ifadə edir və bütövlükdə, Azərbaycan təhsilinin davamlı islahatlar mühitindəki hədəflərinə də uyğundur. Eyni zamanda, ali məktəbimizin, xüsusilə də, son beş ilə yaxın olan bir dövr ərzində reallaşdırmış olduğu layihələr həm də dünya təhsilinə öz töhfələrini verəcəkdir. Belə ki, Naxçıvan Dövlət Universitetinin hazırlamış olduğu mütəxəsislər artıq dünya ilə onun öz dilində danışmağı bacaracaq. 

Yeni tədris ilinin başlanmasına azaldıqca Naxçıvan Dövlət Universitetinin tələbəsi adını qazanan abituriyentlərin sevincinin daha çox şahidləri oluruq. Hər zaman olduğu kimi, cəmiyyətimiz yenə də, öz doğru seçimini etməklə, gələcək nəsillərin işıqlı yaşayışı, rifah göstəriciləri, elmli, ixtisaslı və etibarlı kadr potensialının təşəkkülü sahəsində də qətiyyətli qərarını verməkdədir. Təbii olaraq, bu qərarın dəyişməz ünvanı Naxçıvan Dövlət Universitetinin olması hər birimizə məlum olmaqdadır.

Naxçıvan Dövlət Universitetinin son beş ilə yaxın bir müddət ərzində toplamış olduğu təcrübə, keçdiyi yol, əldə etmiş olduğu uğurlar, ölkənin milli təhsilinin daha mütərəqqi təşəkkülü naminə davam etdirdiyi islahatlar cəmiyyət üzvləri tərəfindən olduqca yüksək qiymətləndirilir və elə 700 bala yaxın nəticə ilə ali məktəbimizi seçən abituriyentər bunu təsdiq etməkdədir.

Artıq bütün sahələrdə rəqabət vardır. Bu meyar təhsil sahəsinin də uzunmüddətli perspektivlərində özünü biruzə verməkdədir. Və olduqca yaxşı bir hal ondan ibarətdir ki, bu rəqabət özünü artıq ali məktəblərin: 

- bir biri ilə yüksək bal toplayan tələbə qazanma yarışmasında;

- keyfiyyətli tədrisə daha inamlı yönəlmə mübarizəsində;

- dünya təhsilinə ayaqlaşamağı bacaran kadr hazırlığı proseslərində;

- nəzəriyyə ilə təcrübəni düzgün əlaqələndirməyi bacaran mütəxəssislərin formalaşmasında;

- dünya miqyaslı alim və mütəxəssislərin tədris proseslərinə cəlb olunmasında və digər zəruri hədəflərin daha da əlçatan olmasında göstərmiş olur.

Çox sevindirici haldır ki, yüksək bal toplayan abituriyentlər sırasında adları aşağıda qeyd olunan gənclərimizi qeyd edə bilərik:

- 668 bal toplayaraq, ingilis dilində tibb ixtisasına qəbul olan Nəzrin Məmmədova;

- 633 bal toplayaraq, ingilis dilində iqtisadiyyat ixtisasına qəbul olan Sitarə Əhmədova;

- 628 bal toplayaraq, ingilis dili müəllimliyi ixtisasına qəbul olan Səbinə Əliyeva;

- 610 bal toplayaraq, informasiya təhlükəsizliyi ixtisasına qəbul olan Əminə Amanova;

- 606 bal toplayaraq, hüquqşünaslıq ixtisasına qəbul olan Aysun Ağayeva;

- 600 bal toplayaraq, hüquqşünaslıq ixtisasına qəbul olan Tərlan Əliyeva.

Onların hər biri Naxçıvan Dövlət Universitetinin gündəlik dövlət qayğı və diqqətindən güc alaraq yaratmış olduğu məhsuldar elm və tədris mühitindən yetərincə faydalana biləcəklər.

Dünəndən etibarən ali məktəblərin tələbəsi olacaq abituriyentlərin ixtisas seçimi proseslərinə başlanıldı. Bununla da yeni 2024-2025-ci tədris ilində daha innovativ, daha çağdaş, daha modern bir tədris proseslərinin şahidləri olacağıq.

Beləliklə, tələbələrimiz:

- alacaqları təhsilin texnoloji təminatı sahəsində Texnalogiyalar Parkının;

- milli tədrisin dünya tədrisinə inteqarsiya olunması ilə ikili diplom layihələrinin;

- qarşılıqlı bilik, savad, bacarıq sintezindən yaranmış olacaq təcrübə mübadiləsinin və digər aktual hesab olunan layihələrin həm iştirakçıları, həm təminatçıları, həm də daşıyıcıları olacaqlar.


Cavadxan Qasımov

Naxçıvan Dövlət Universitetinin dosenti, 

İqtisad üzrə fəlsəfə doktoru




  • 10-08-2024, 11:53