Müşahidələrimizə görə marketlərdə ərzaq məhsullarının üzərindəki yazılar çox kiçik şriftlərlə yazılır. Ona görə də həmin yazıları oxumaq mümkün olmur. İstehlakçıların əksəriyyəti də bununla bağlı narazılıq edir. Bəzən də məhsulların üstündəki qeydlər sanki pozulmuş kimi olur. Elə formada yazılır ki, qısa müddətdə, asanlıqla silinir.
Bəs görəsən, illərdir baş alıb gedən sözügedən problem niyə həllini tapmır?
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Missiya.Az-a açıqlamasında deyib ki, bir çox sənədlərin, o cümlədən bank, alqı-satqı və digər xidmət müqavilələri, eləcə də ərzaqların qablaşdırıldığı paketlərin üzərində olan yazıların çox kiçik şriftlə olması və oxuna bilməməsi mənzərəsi ölkədə ciddi məsələlərdən biridir:
“Bunu müqavilə bağlayanlar, istehsalçılar bilərəkdən edir ki, alıcılar aldansınlar. Qida məhsullarında, məsələn saqqızların üstünə baxsaq olduqca balaca bir həcmi, sahəsi var. Lakin qeydlər o qədər kiçik ölçüdə yazılır ki, adam onu oxuya bilmir. Bütün bunların səbəbi isə odur ki, Azərbaycanda qanuni qüvvəyə minmiş, istehlakçılar üçün bütün sahələri əhatə edən məlumat standartı yoxdur. Bir çox ölkələrdə, o cümlədən Rusiyada belə standart mövcuddur. Tələb olunur ki, hansı məhsulun üzərində, hansı hissəsində nə boyda ölçüdə yazı olmalıdır”.
Eyyub Hüseynov əlavə edib ki, 8 il öncə bir biznes qurumu bu cür standart hazırlayıb. Hətta o qüvvəyə minibsə də heç kim ona riayət etmir:
“Azərbaycan Standartlaşma İnstitutu həmin məsələyə çox biganə yanaşır. Düşünürəm ki, bu mütləq həll olunmalıdır. 2 ay yarım öncə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə rəsmi məktub göndərdim. Bir sıra yağların üzərində də çox balaca hərflərlə bitki yağı yazılıb. Məktubda göstərdim ki, mütləq istehlakçılara bitki yağının mənşəyi göstərilsin. Bilsinlər ki, nə yağıdır. Yuvarlaq bir cavab aldım. Birmənalı cavab yoxdur”.
Zərintac Mayisqızı
Missiya.Az