AZ   |   RU
Yeni qatarlarda kondisionerlər niyə normal işləmir?- AÇIQLAMA


Bildiyimiz kimi, iyunun 30-u ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərar verib. Belə ki, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Qərara əsasən, avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən olunub. Bu da ictimai nəqliyyatda keyfiyyətin artırılması ilə əlaqələndirilib. Lakin hələ də metro və avtobuslarda kondisionerlərlə əlaqədar problemlər yaşanır. Sərnişinlər bəzi avtobuslarda kondisionerlərin olmadığından şikayətlənir. Müşahidələrimizə görə metrolarda da bəzi təzə qatarlarda olan kondisionerlər doğru-düzgün işləmir.

Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov Missiya.Az-a açıqlamasında deyib ki, Bakı metropoliteninin lokomotiv parkında hazırda 61 qatar var. Həmin 61 qatardan 23-ü yeni nəsil qatarlardır:

“Bunların hər biri Bakı metropoliteninin normativ tələblərinə uyğun olaraq 12-20 saat ərzində xətdə dövrə vurduqdan sonra mütləq qaydada elektrik deposuna təmir, baxış və xidmət üçün aparılır. Təbii ki, planlaşdırılmış qrafik üzrə kondisioner sisteminə baxış keçirilir. Yay dövrü gələndə paytaxtın iqlim şəraitinə dair kondisioner sisteminə tələbat artdığından Bakı metropoliteninin xətlərində bu və ya digər istiqamətlərdə monitorinqlər gücləndirilir. Gücləndirilən istiqamətlərdən biri də məhz mikroiqlim nəzarəti sisteminin işlək vəziyyətdə olmasıdır. Monitorinq zamanı qatarda hansısa nöqsan aşkarlanarsa həmin qatar Nərimanov elektrik deposuna müvafiq müayinələrlə araşdırmaların aparılması və tədbirlərin görülməsi üçün göndərilir. Təssüflər olsun ki, Bakı metropoliteninin yaşıl qırmızı xətlərində kondisionerli qatarların hərəkət etdiyi xətlərin yalnız bir elektrik deposu var. Problemlər yarananda bunlar da Nərimanov elektrik deposuna göndərilir”.



Bəxtiyar Məmmədov onu da əlavə edib ki, xətlərdə kondisionerlə bağlı problemlərin yaranması normaldır:

“Aparılan monitorinqlərdən əlavə sərnişinlərdən daxil olan müraciət, şikayət və suallar əsasında mütləq qaydada həmin monitorinqin nəticələri, eyni zamanda dərhal həmin nöqsanlı qatara baxış keçirilir. Problem əsasən mövsümi olaraq yaranır. İl boyu kondisioner sistemi avtomatik rejimdə çalışır. İnsan müdaxiləsi olmur. Havanın hərarəti, oksigenin miqdarı, digər mikroiqlim parametrləri üzrə avtomatik normativlər üzrə müəyyən olunur. Bəzən görürük, kompressurun səsi güclü ya da zəif olur. Bunlar hərarətlə əlaqədar mikroiqlim şəraitinə uyğun sistemin verdiyi reaksiyadır. Onun yoxlanılmasından əlavə qatar 12-20 saat xətdə olduğu üçün kompressurlar davamlı olaraq təzyiq altında çalışırsa bəzi qüsurlar yaranır. Sözügedən sistemlər güc altında zəifləyir. Başqa səbəblər də olur. Məsələn, qapılar açılıb - bağlanır, hava kütləsi daxil olur. Süzgəc sistemi ilə bağlı fəsadlar meydana çıxır və s. Bu gün Bakı Metropoliteni bütün texniki insan resursları imkanlarından istifadə edərək mövcud vəziyyətin sabitləşməsi, daim nəzarət altında olması, daxil olan müraciətlərə operativ reaksiya verilməsi baxımından bütün tədbirlərini görür. Əlbəttə gələcəkdə də davam edəcək. Yeni nəsil qatarlarının sayının artırılması istiqamətində də işlər görülür. Çünki qatar istismar müddətini başa vurduqdan sonra xətdən çıarılır”.

Zərintac Mayisqızı
Missiya.Az





  • 19-07-2024, 12:51