AZ   |   RU
Dastana dönən şəhid Xudayar Yusifzadənin doğum günüdür


Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum,
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar içində duman görünür.


Sözləri Əliağa Vahid və musiqisi Əlibaba Məmmədova aid olan bu əsəri vətənpərvərlik ruhu, gözəl səsi ilə ifa etmiş əbədi yaşayan və nur üzlü bir igidimiz var. Həmin ifa indi də qulağımızdan, qəlbimizdən getmir. Sözügedən qəhrəmanımız ölümü ilə ölümsüzlük qazananlardandır.

Bəli, bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi Xudayar Yusifzadənin doğum günüdür.

Xudayar Müslüm oğlu Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində dünyaya göz açıb. O, 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam edib, marketlərin birində mühafizəçi kimi çalışıb. X. Yusifzadə 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Kursdan keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi alıb.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri vətənpərvər igidimiz 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlamış İkinci Qarabağ müharibəsində iştirak edib. Əvvəlcə, Füzuli rayonunda sərhəd məntəqəsində, daha sonra isə müharibədə döyüşərək xidmətinə davam edib. Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə vuruşub. Döyüşkən ruhu, cəsarəti ilə seçilib.

X. Yusifzadə oktyabrın 22-də Zəngilanın azad edilməsi zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhadətə ucalıb. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidimiz Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni, "Zəngilanın azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, o subay idi.

Allah nur üzlü şəhidimizə rəhmət eləsin!

Azərbaycan xalqı şəhidlərini, qəhrəmanlarını heç vaxt unutmayacaq. Cənnətdən gülümsəyən igidlərimiz bu gün bütöv, suveren Azərbaycanı görüb ruhları şad və hüzurludur.


Zərintac Mayisqızı
Missiya.Az



  • 15-07-2024, 09:48