AZ   |   RU
Ayxan Hacızadə: Azərbaycanın Türkiyə, Pakistanla əlaqələri xalqlarımızın qardaşlığına, qarşılıqlı hörmətə əsaslanır


Azərbaycanın həm Türkiyə, həm də Pakistanla ikitərəfli əlaqələri xalqlarımızın qardaşlığına, tarixi və mədəni bağlarına, qarşılıqlı hörmət və etimadına əsaslanır.



Missiya.Az “Report”a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüşü barədə yerli mətbuatın suallarını cavablandırarkən deyib.


A.Hacızadə qeyd edib ki, belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimiz davamlı və hərtərəfli inkişaf, müxtəlif sahələri əhatə edən sıx əməkdaşlıq, qarşılıqlı maraq doğuran məsələlər üzrə beynəlxalq səviyyədə birgə fəaliyyət və dəstəklə səciyyələnib.


“Üç ölkənin parlament sədrləri, xarici işlər nazirləri, müdafiə nazirlikləri səviyyəsində indiyə qədər bir sıra üçtərəfli görüşlər, tədbirlər və təlimlər keçirilib, əhəmiyyətli məsələlər üzrə razılıqlar əldə edilib və əməkdaşlıq səviyyəsi daha da genişlənib. Xüsusilə vurğulamaq lazımdır ki, nümunəvi xarakter daşıyan bu üçtərəfli əməkdaşlıq platformaları beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, yalnız sülh, təhlükəsizlik sabitlik və tərəqqini təşviq edir.


Astanada liderlər səviyyəsində keçirilmiş bu görüş üç ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsi, məhz liderlərin rəhbərliyi ilə üçtərəfli əməkdaşlıq platformasının güclənməsi və müntəzəm şəkildə təşkili, Azərbaycan-Pakistan-Türkiyənin yeni istiqamətlərdə strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinə təkan verəcək”, - A.Hacızadə vurğulayıb.



  • 3-07-2024, 22:06