Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri son illər ərzində yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan və Çin liderləri arasındakı səmimi dostluq və əməkdaşlıq əlaqələri dövlətlərarası münasibətlərimizin inkişafına böyük təkan verib və bu görüş bir daha göstərdi ki, Azərbaycan-Çin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada ikitərəfli və çoxtərəfli görüşləri ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin yerli medianın suallarına cavabında deyib.
Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan isə “Vahid Çin” siyasətini dəstəkləyib.
Görüş zamanı, Azərbaycan və Çin dövlət başçıları qarşılıqlı hörmət, bərabərhüquqluluq, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, dövlətlərimiz arasındakı əlaqələrin keyfiyyətcə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə dair qərar verib və Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə ilə çıxış ediblər.
Bununla yanaşı, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmir Yolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”, habelə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında Kəmər və Yol Təşəbbüsü üzrə Əməkdaşlıq Planının formalaşdırılmasının birgə sürətləndirilməsinə dair Anlaşma Memorandumu” iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafının sübutudur. Eyni zamanda, Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarını ölkəyə gəliş vizasından azad etməsi və bunun növbəti mərhələdə qarşılıqlı olması barədə XİN-lər arasında işin aparılmasına dair razılıq turizmin və xalqlarımız arasında əlaqələrin artmasını təşviq edəcəkdir.
Həmçinin iki ölkə liderlərinin qarşılıqlı şəkildə Azərbaycan və Çinə dövlət səfərləri həyata keçirmək istiqamətində dəvətlərinin əlaqələrin inkişafına əlavə töhfə verəcəyi danılmazdır.
Əminik ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı həm ikitərəfli əsasda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və beləliklə də əməkdaşlığımızın hərtərəfli dərinləşməsi işinə yeni dinamika gətirəcəkdir. Strateji tərəfdaşlığımız eyni zamanda, iqtisadiyyat, ticarət, nəqliyyat və investisiyalar və bir çox digər sahələrdə əməkdaşlığımızın həm kəmiyyət, həm keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təkan verəcəkdir.
Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüşə gəlincə, XİN rəsmisi bildirib ki, Azərbaycanın həm Türkiyə, həm də Pakistanla ikitərəfli əlaqələri xalqlarımızın qardaşlığına, tarixi və mədəni bağlarına, qarşılıqlı hörmət və etimadına əsaslanır. Belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimiz davamlı və hərtərəfli inkişaf, müxtəlif sahələri əhatə edən sıx əməkdaşlıq, qarşılıqlı maraq doğuran məsələlər üzrə beynəlxalq səviyyədə birgə fəaliyyət və dəstəklə səciyyələnib.
Üç ölkənin parlament sədrləri, xarici işlər nazirləri, müdafiə nazirlikləri səviyyəsində indiyə qədər bir sıra üçtərəfli görüşlər, tədbirlər və təlimlər keçirilib, əhəmiyyətli məsələlər üzrə razılıqlar əldə edilib və əməkdaşlıq səviyyəsi daha da genişlənib. Xüsusilə vurğulamaq lazımdır ki, nümunəvi xarakter daşıyan bu üçtərəfli əməkdaşlıq platformaları beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, yalnız sülh, təhlükəsizlik sabitlik və tərəqqini təşviq edir.
Astanada liderlər səviyyəsində keçirilmiş bu görüş üç ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsi, məhz liderlərin rəhbərliyi ilə üçtərəfli əməkdaşlıq platformasının güclənməsi və müntəzəm şəkildə təşkili, Azərbaycan-Pakistan-Türkiyənin yeni istiqamətlərdə strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinə təkan verəcək.
Ayxan Hacızadə Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşünə də toxunub: "Məlum olduğu kimi, Azərbaycanla Rusiya arasında qarşılıqlı hörmət və etimada əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlıq əlaqələri mövcuddur. İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar, təhsil və bir çox digər istiqamətlərdə əməkdaşlığı inkişaf edib.
Ölkələrimiz öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda prinsiplərinə sadiqlik əsasında qururlar.
İki ölkənin liderləri mütəmadi əsasda görüşür, qarşılılıq səfərlər həyata keçirirlər. Sonuncu dəfə, 22 aprel tarixində Prezident İlham Əliyev Rusiyada səfərdə olub və əhəmiyyətli görüşlər keçirib. Astanada keçirilmiş görüş iki ölkə arasında əməkdaşlıq əlaqələrinin müzakirə edilməsi, əldə olunmuş razılıqların icrası məsələləri və gələcək planların müzakirəsi baxımından da faydalı olub. Dövlət başçıları həmçinin ŞƏT və digər beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini, onun perspektivlərini, eləcə də aktual beynəlxalq və regional problemləri nəzərdən keçiriblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitinə fəxri qonaq qismində qatılıb və Qazaxıstan Prezidenti ilə ikitərəfli görüş keçirib. Bu səfər və görüşə gəlincə, XİN rəsmisi qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərə böyük əhəmiyyət verir. Dövlətlərimiz arasında qardaşlıq münasibətləri və tarixi əlaqələr, istər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər qardaş ölkələrimiz arasında birgə əməkdaşlığın daha da dərinləşməsini labüd edir.
Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə mütəmadi səfərləri və eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını şərtləndirən amillərdəndir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər, razılıqlar, birgə layihələr ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir. Bu xüsusda, Qazaxıstan Prezidentinin ölkəmizə cari ilin mart ayında səfəri zamanı iki ölkə arasında investisiya fondunun yaradılması haqqında razılıq prosesinin yekunlaşdırılaraq Astana görüşü zamanı dəyəri 300 milyon ABŞ dolları məbləğində fondun yaradılması barədə müqavilənin imzalanmasını xüsusilə vurğulamaq istərdik.
Bununla yanaşı, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində geniş tərəfdaşlıq perspektivləri iki ölkə liderləri tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Beləliklə, Azərbaycan və Qazaxıstan liderləri arasında keçirilmiş Astana görüşü iki ölkə arasında çoxşaxəli əməkdaşlığa əlavə təkan verəcək.
Bununla yanaşı, ölkə rəhbərinin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə fəxri qonaq qismində artıq ikinci dəfə iştirak etməsi Azərbaycana və Prezidentimizə olan yüksək ehtiramın və etimadın göstəricisidir. ŞƏT-ə üzv dövlətlərin əksəriyyəti ilə Azərbaycanı yaxın dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri birləşdirir.
Azərbaycanın bölgəmizdə və daha geniş coğrafiyada inteqrasiya proseslərində əhəmiyyətli rolunu, Şanxay Əməkdaşlıq Təşkilatının işində yaxından iştirakını nəzərə alaraq, bu görüşlər və tədbirlərin ölkəmizin təşkilatda müşahidəçi statusu alması prosesinə əlavə təkan verəcəyinə əminik.