Azərbaycan və Çin ikitərəfli ticarətin həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimallaşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa hazırdırlar.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də bildirilir.
Çin Azərbaycanın Çin Beynəlxalq İdxal Ekspo, Çin idxal və ixrac malları sərgisi, Çin beynəlxalq xidmət ticarət sərgisi və digər böyük sərgilərdə fəal iştirakını alqışlayır. Azərbaycan Çinin aparıcı şirkətlərinin ADEX beynəlxalq hərbi sərgisində və Azərbaycan ərazisində keçirilən digər iri sərgi və forumlarda iştirakını alqışlayır. Çin Azərbaycanın tematik təqdimatlar keçirməsini və Çin ərazisində açılan ticarət mərkəzləri və milli pavilyonlar, eləcə də Çin elektron ticarət şəbəkələri ilə əlaqə qurmasını dəstəkləyir.
Tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafını yüksək qiymətləndirir və ticarət, sərmayə və mühəndislik layihələri sahəsində qarşılıqlı fəaliyyəti daha da gücləndirmək üçün Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası mexanizminin rolunu artırmağa davam etməyə, o cümlədən Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kommunikasiyalar, "yaşıl enerji", emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin təşviqinə diqqət yetirməyə hazırdırlar.
Bildirilir ki, Azərbaycan və Çin güclü iqtisadi tamamlayıcılıq, sənayeləşmə və investisiya sahəsində əməkdaşlığı artırmaq üçün böyük potensiala malikdirlər. Tərəflər Azərbaycan və Çin arasında sənayeləşmə və investisiya üzrə əməkdaşlıq mexanizmindən tam istifadə edəcək, baxış, planlaşdırma və siyasət sahəsində əlaqələri artıracaq, Azərbaycan və Çin şirkətlərinin fəaliyyətini dəstəkləyəcək, enerji, o cümlədən neft və qaz hasilatı və emalı, "yaşıl enerji" və nəqliyyat infrastrukturu, informasiya və telekommunikasiya, rəqəmsal iqtisadiyyat, əlvan metallar, tikinti materialları və s. kimi prioritet sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edəcəklər.
Ötən ilin nəticələrinə görə, Çin Azərbaycanın 4-cü iri ticarət tərəfdaşı olub. Əgər 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard ABŞ dolları idisə, 2023-cü ildə 3,1 milyard ABŞ dollarını ötüb. Bu da müvafiq surətdə 2018-ci illə müqayisədə 1,8 milyard ABŞ dolları və ya 2,4 dəfə, 2022-ci ilin müvafiq göstəricisindən isə 1 milyard ABŞ dollar və ya 44 % çoxdur.