AZ   |   RU
Vəhabi terrorundan necə qorunaq?



Ekspert: “Sərhədlərin bağlı qalmasının pərdəarxası tərəfi dövlət təhlükəsizliyi ilə əlaqədardır”

İyunun 23-də mütəşəkkil dəstə üzvləri Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində dini binalara silahlı basqınlar həyata keçirib, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb. Toqquşma nəticəsində təhlükəsizlik qüvvələri beş terrorçunu məhv edib - onların şəxsiyyəti müəyyən edilib. Törədilən terror aktları qurbanlarının sayı da artır. Bəs görəsən Azərbaycana yaxın olan bu ərazidə belə hadisələrin yaşanması ölkəmiz üçün təhlükə yaradırmı? Bütün bunların fonunda sərhədlərin bağlı qalmasını müsbət hal hesab etmək olarmı?

Suallarımızı cavablandıran politoloq Turan Rzayev Missiya.Az-a açıqlamasında bildirib ki, Dağıstanda baş verən hadisələr bir daha bu bölgənin həm Şimali Qafqaz, həm də Cənubi Qafqaz üçün real təhlükə mənbəyi olduğunu göstərir. Ümumiyyətlə həmin ərazidə həmişə müxtəlif kiçik və böyük etnoslar yaşayıb:

“Dağıstan ərazisində milli birlik, millət anlayışı tam olaraq formalaşmayıb. Təsadüfi deyil ki, sözügedən ərazidə 100-dən artıq dildə danışılır. Rusiyanın özü də həmin bölgələrə o qədər də ciddi nəzarət etmir. Yalnız və yalnız terror hadisələri fonunda əməliyyatlar keçirir. Amma birmənalı olaraq bunun qarşısı alınmır. Dağıstanda baş verən belə hadisələr ilk deyil, bundan öncə də oxşar ciddi hadisələr yaşanıb”.



Turan Rzayev vurğulayıb ki, həmin hadisələrin əlbəttə Azərbaycana da təsiri ola bilər:

“Hər zaman bəlli olan bir məsələdir ki, sərhədlərin hazırda pandemiya səbəbindən bağlı qalmasının əslində pərdəarxası tərəfi dövlət təhlükəsizliyi ilə əlaqədardır. Bu bir reallıqdır. Həm terror insidentləri, həm də qaçaqmalçılıq kimi halların qarşısının alınması kimi faktlara görə sərhədlər bağlı saxlanılır. Bu da biz tərəfdən aparılan tədbirlərin doğruluğunu göstərir. Biri var ki, sərhədlər bağlı qalsın, biri də var ki, ölkə daxilində terror hadisələri baş versin. Önəmli olan təhlükəsizliyimizdir. Əgər Dağıstanda bu yaşanıbsa, oradan çox rahat şəkildə Azərbaycana da keçə biləcək şəxslər var. Həmin şəxslərin bir çoxu Azərbaycan dilini də bilir. Əksəriyyəti islami qruplaşmaların üzvüdür. Lazım gələrsə Azərbaycan özü də sərhədin bu tərəfində bənzər şəkildə əməliyyatlar keçirə bilər. Doğrudur, bizdə o tipdə ciddi terror hadisəsi, radikal qruplaşmalar yoxdur. Lakin müxtəlif vaxtlarda ölkə daxilində əməliyyatlar keçirilib. Rusiya ilə koordinasiyalı qaydada sözügedən əməliyyatlar aparıla bilər”.

Zərintac Mayisqızı
Missiya.Az





  • 25-06-2024, 12:03