Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb.
Missiya.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar Azərbycan xarici işlər naziri Ceyhun Bayramov səfiri qəbul edib. Görüş zamanı Azərbaycan və Qırğızıstan arasında mövcud dərinləşmiş strateji tərəfdaşlıq münasibətlərindən, liderlər arasında artan siyasi təmaslardan və artan əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanda diplomatik fəaliyyəti müddətində Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafında səylərinə görə qarşı tərəfə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzu edib.
Azərbaycan və Qırğızıstan arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın əsasında iki ölkə və xalqlarımız arasında mövcud qardaş və dost münasibətlərin, həmrəylik və qarşılıqlı dəstəyin dayandığı məmnunluqla qeyd olunub. Bir çox istiqamətlər, xüsusilə qarşılıqlı investisiyalar, nəqliyyat və kommunikasiyalar kimi sahələr üzrə əməkdaşlığın geniş perspektivlərinin olduğu, mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb.
Həmçinin görüş zamanı regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində artan dinamikanın təqdirəlayiq olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov, Qırğızıstanın ölkəmizin yenidənqurma və sülh səylərinə dəstəyini minnətdarlıqla qeyd edib.
Səfir Kayrat Osmonaliyev Qırğızıstanın Azərbaycanda səfiri kimi çalışdığı müddətdə göstərilən dəstəyə görə təşəkkür edib, iki ölkə arasında strateji xarakter kəsb edən tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə dair inamını ifadə edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.