AZ   |   RU
Nizami rayonunda şəhid Murad Məmmədovun xatirə guşəsinin açılış mərasimi olub - VİDEO

Bakının Nizami rayonunda şəhidlərin əziz xatirəsini əbədiləşdirmək istiqamətində işlər davam etdirilir. Bu gün 44 günlük Vətən Müharibəsində şəhid olmuş Murad Məmmədovun yaşadığı binada xatirə guşasənin açılış mərasimi olub. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Missiya.Az
xəbər verir ki, açılış mərasimində şəhidin doğmaları, şəhid anaları, millət vəkilləri Sədaqət Vəliyeva, Könül Nurullayeva, Nizami rayon İcra Hakimiyyətinin rəhbərliyi Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov, rayon ictimaiyyətinin və müxtəlif təşkilatların nümayəndələri, şəhidin oxuduğu məktəbin şagird və müəllim heyəti, əsgər yoldaşları, komandirləri iştirak edib.

Açılış mərasimində millət vəkilləri Sədaqət Vəliyeva, Könül Nurullayeva, YAP Nizami rayon Təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış edib. Tədbirdə çıxış edənlər şəhid Murad Məmmədovun döyüş yolundan, göstərdiyi şücaətdən danışıb. Natiqlər bildirib ki, Məmmədov Murad Elşən oğlu II Qarabağ Müharibəsində Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının “Vətən Uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə Təltif olunub. Digər çıxış edənlər Azərbaycan xalqının Vətən Müharibəsində bir yumruq kimi birləşdiyini və düşmənə layiqli dərs verdiyini bildiriblər.

Qeyd olunub ki, Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Həmçinin şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.  Sonda şəhid Murad Məmmədovun doğmaları onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, xatirə guşəsi YAP Nizami Rayon Təşkilatı və Missiya Media Grupun birgə dəstəyi ilə hazırlanıb. Yaxın günlərdə Nizami rayonunun digər ünvanlarında da Vətən Müharibəsi şəhidlərinin xatirə guşələrinin açılış mərasimi keçiriləcək. Bu günə qədər Nizami rayonunun müxtəlif ünvanlarında bir neçə belə şəhid xatirə guşəsinin açılış mərasimi keçirilib.

  • 25-09-2021, 16:59