AZ   |   RU
Gözümüzün qabağında gizlədilən proses - Heç kim təhlükədən sığortalanmayıb

Boşanmalarla bağlı açıqlanan statistikaya baxanda adamı dəhşət bürüyür, ən azı 50 faizə çatır. Bu dəyərlər sisteminin bir parçası və ən önəmli hissəsi, ailə institutunun dağılma prosesinin göstəricisidir. 


Doğrudur, sosial problemlər, işsizlik ailələrin dağılmasında rol oynayan əsas şərtlərdən biridir. Amma bunun həll yolları var və zamanla aradan qaldırmaq mümkündür. Bu istiqamətdə dövlət tərəfindən daha ciddi mexanizmlər hazırlanmalıdır.


Amma ailə institututu daxil olmaqla, dəyərlər sisteminin dağıdılması istiqamətində reallaşdırılan və gözümüzün qarşısında məharətlə gizlədildiyi üçün görə bilmədiyimiz, amma nəticələri ilə hər gün rastlaşdığımız qlobal layihələr daha təhlükəli xarakter daşıyır. Bu zamanında tədbir görülməsə və ciddi mexanizmlər hazırlanmasa geridönüşü mümkün olmayan bir prosesdir.


Biz daha çox nəyə diqqət etməliyik? Gözümüzün qarşısında hər birimizin həyatını, övladlarımızın gələcəyini müəyyənləşdirəcək qlobal prosesləri necə gizlətmək mümkün olur? Biz bunu niyə görə bilmirik?


Yeni texnoloji vasitələrlə, sosial şəbəkələrlə beyinlərin əsir alınması, “yeni insan modeli”nin formalaşdırılması, ruhu sındırılmış, dəyərləri sıradan çıxarılmış, hər birimizin ailəsini, gələcəyini təhdid edən “hücumlara” loyal yanaşan və baş verən bütün anormallıqları normal qəbul edən cəmiyyətlərin yaradılması prosesi gedir.


Bu, ailə modelinin, əxlaq və insan genetikasında olan bütün dəyər anlayışlarının sıradan çıxarılması prosesidir.


Əgər kütlələrin ruhu əsir alınırsa, adekvat rekasiya imkanları yoxa çıxır, “onsuz da nəticə olmayacaq” düşüncəsi formalaşır və beləliklə də göz qarşısında baş verənləri görə bilmirik.


Ona görə ki, bu, gözümüzün qarşısında baş verənlərə artıq ruhu öldürülmüş və cismən isə son günlərini yaşayan narkomanın baxdığı kimi soyuq, heç bir anlam ifadə etməyən gözlərlə baxmaq kimi bir şeydir. Bu bir xəstə və əsir alınmış psixologiyanın ifadəsidir.


Bu, bizə təbliğ olunan, pozğun həyatı özündə əks etsirən “yeni dəyərləri” artıq qəbul etməyə başlamağımız deməkdir.


Ən dəhşətlisi isə görmədən, hiss etmədən, həm də istəmədən...


İstəməmək artıq heç nəyi dəyişmir. Çünki ruhu əsir alınmış insanların formalaşdırdığı kütlələr şeytanla da dostluq edə bilər...


Bunun özü artıq nəticədir və çox təhlükəli tendensiyadır.


Öncə bilməliyik ki, dəyərlər sisteminin sıradan çıxarılması “yeni dəyərlər” və “yeni mədəniyyətlər”in yaradılması və cəmiyyətlərə qəbul etdirilməsi ilə mümkündür. “Yeni dəyərlər” və “yeni mədəniyyətlər” nədir, necə yaradılır və necə təbliğ edilir?


Məsələn, ənənələr LGBT, feminizm və.s kimi pozğun həyatı təbliğ edən “yeni dəyərlər”lə sıradan çıxarılır. Bu xəstəlik nümunələri müasirlik və demokratiyanın təzahürü kimi cəmiyyətə sırınır. Bunun üçün qlobal təşkilatlar tərəfindən çox ciddi maliyyə ayrılır. Bu prosesdə görünən, vitrində olan Açıq Cəmiyyət İnstitutu-“Soros fondu”dur. Amma əslində daha böyük maliyyə təsisatlarının pərdəarxasında daha ciddi rol oynaması dünyada bilinən məsələdir. Bu güclər öz törəmə quruluşları ilə bütün istiqamətlərdə qlobal planlar hazırlayır və həyata keçirirlər. Soruşmaq olar ki, hansı quruluşlar? Əvvəlində beynəlxalq sözü olan və bütün sahələri əhatə edən təşkilatların əksər hissəsi. Bunlar qlobal maliyyə təsisatlarının törəmə quruluşlarıdır və məqsəd bütün sahələrdə istədikləri planları reallaşdırmaqdır. Hansı ki, mütəmadi olaraq “insan haqlarının qoruyucuları” simasında tez-tez bəyanatlarına rast gəlirik.


Yaxşı, məqsəd nədir? Milyardlarla vəsait niyə bu istiqamətdə xərclənir? Qərb mərkəzli təşkilatların idarəçiliyi və ssenarisi ilə “demokratiya gətirilən” ölkələrin vəziyyətinə baxsaq, məqsədin demokratikləşmə, yaxud müasirlik olmadığını əminliklə söyləyə bilərik. Bunu artıq orta təhsil səviyyəsində savadı olan hər kəs anlayır. Deməli, daha dərin planlar var və təəssüf ki, bu planların reallaşdırılması mərhələ-mərhələ həyata keçirilir.


Biz ziyalılar, ictimai xadimlər və yaxud media olaraq təəssüf ki, əksər hallarda bilmədən və istəmədən alətə də çevrilə bilirik.


Çünki həmişəki kimi problemin səbəblərini deyil, nəticəsini “müzakirə” edirik.


Bu müzakirələr də təəssüf ki, hay-küy səviyyəsindədir. Yəni ziyalılarımızın müzakirə dedikləri hay-küy problem və onun həllinə adekvat yanaşma deyil. Bu, əslində bilməyərəkdən prosesin bir parçasına çevrilmək və alət rolunu oynamaq deməkdir.


Ona görə ki, problemin necə yaradıldığını anlamırıq.


Nəticədə necə yaradıldığını bilmədiyimiz problemin “həlli” ilə bağlı efirlərdə hay-küy qaldırıb dağılışırıq və bunu həll yolu hesab edirik.


Bu isə əslində bu prosesin bir parçasına çevrilməkdir. Çünki məqsədlərdən biri “yeni mədəniyyətlər”in ictimai müzakirə olunmasına nail olmaq və problemin adiləşdirilməsidir. Və aparılan müzakirələr məhz buna xidmət edir. Bu gün az qala porno mövzular efirlərdə adi hal kimi müzakirə edilir. Halbuki 20 il öncə bu mümkün deyildi. Qadınsayağı danışan kişilərin efirləri zəbt etməsi, mentalitetimizə tamamilə yad olan və yalnız dar çərçivədə həll olunmalı olan mövzuların efirlərə daşınması artıq nəticədir. Xüsusilə sosial şəbəkələr burada daha çox ön plana çıxır. Məsələn, “Tik Tok”da psixoloji xəstələrin, cinsi azlıq nümayəndələrinin geniş izləyici auditoriyası qazanması sizcə təsadüfdürmü? Bunlara xüsusilə maddi dəstək verənlər niyə sorğulanmamalıdır?


Unutmayaq ki, prosesin birinci mərhələsi-yəni bu tipli mövzuların “ictimai müzakirə” nəticəsində adiləşməsi artıq başa çatıb. İkinci mərhələ üçün zəmin yaradılıb. Bu mərhələ isə millətsiz, dinsiz və cinsiyyətsiz toplumun formalaşdırılmasından ibarətdir.


Bu gün cinsi azlıqlara qadağaların aradan qaldırılması ilə bağlı Qərb mərkəzli təşkilatlar tərəfindən edilən təzyiqlərin pərdəarxasında məhz bu planlar var. Daxildəki alətlər aksiyalar və s. yollarla problem yaradır və himayədarlarına təzyiq üçün “faktlar” verirlər.


Problemə adekvat olmayan “çözüm yolları” isə hər birimizi, övladlarımızın həyatını, gələcəyini təhdid edir.


Ona görə də, daha dərin və gerçəkləri özündə əks etdirən yanaşmaya və həll mexanizmlərinin yaradılmasına ehtiyac var...


Bu gün dünyada dövlətlərin idarə olunmasında ciddi təsir imkanları olan qlobal təşkilatların, xüsusilə maliyyə təsisatlarının hər şeyə hakim olmaq planı sirr deyil. Bunun üçün dövlətlərə təsir imkanları daha asan olmalıdır. Yəni insan resursu lazımdır-idarə olunan, prinsipsiz, idealları və milli düşüncəsi sıfırın altında olan, hər şeyə normal yanaşan marionetlər.


Bunun yeganə yolu isə beyin işğalıdır. Burada millət, din ayrımı yoxdur. Qlobal soyğun mexanizminin bir qrup sahibi hər şeyə hökm etmək istəyir.


Buna görə də yeganə yol beyin işğalıdır-yəni heç bir milli, dini, mədəni, mənəvi dəyəri olmayan kütlələrin formalaşdırılması və onların vasitəsilə siyasi hakimiyyətlərin işğal edilməsi.


Dəyərlər insanlar üçün ictimai qınaq, prinsiplər, “qırmızı xətlər” formalaşdırır, vicdan amili həmişə ön planda olur. Belə toplumlarda pul hər şeyi həll etmir. Bu gün bu cür dəhşətli təhdidlərə qarşı ən güclü immunitet milli dəyərlər sistemidir.  Və bu sistem çökərsə hər kəs qurbana çevirlmə təhlükəsi ilə üzləşəcək.


Kimsə düşünə bilər ki, mühafizəkardır, milli dəyərlərin daşıyıcısıdır, bu cür ailəyə mənsubdur və o özünü, ailəsini bu təhdidlərdən sığortalaya biləcək. Amma bu yanlış yanaşmadır. Çünki bu elə bir hücumdur ki, bundan fərdi qaydada qorunmaq mümkün deyil. Təhlükə hər yerdədir və heç kəs bundan sığortalanmayıb. Bu gün sadaladğımız “yeni dəyərlər” və “yeni mədəniyyətlər”in daşıyıcıları yaxud təbiğatçılarına nifrət edən mühafizəkar bir ailə sabah bu problemi evində görə bilər.


Xüsusilə sosial şəbəkələrlə idarə olunan və daha çox hücuma məruz qalan gənc nəsil bizdən fərqli düşünür. Onların din, dostluq anlayışları, həyata baxışları, prinsipləri fərqlidir və bu bizi narahat etməlidir.


Sabah sosial şəbəkələrdən daha təhlükəli texnoloji vasitələr həyatımıza daxil olacaq. Məsələn “metaverse” kütləvi hal alanda hər şeyi alt-üst edəcək və özü ilə idrak edə bilmədiyimiz və daha təhlükəli “yeni dəyərlər” də gətirəcək. Artıq insanalar “metaverse”də torpaq alır, bzineslə məşğul olur, ailə qurur və digər işlərlə məşğul ola bilirsə deməli daha ciddi və tektonik effekt yaradacaq dəyişkliklər bizi mütləq sarsıdacaq. Və biz bir xalq və dövlət olaraq buna hazırıqmı?


Ona görə də problemin həllinə adekvat həll yolları üçün ilk növbədə problemin necə yaradıldığını, gözümüzün qarşısında necə gizlədildiyini dərk etməliyik. Bunun üçün tədqiqat institutlarının ciddi araşdırmalarına ehtiyac var. Bu gün “göz qabağında gizli” prosesi görməsək, sabah çox gec olacaq...



Əli Zülfüqaroğlu




  • 30-05-2024, 11:34