Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin növbəti toplantısı gələn il Azərbaycanda keçiriləcək.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin II Toplantısında qərar qəbul edilib.
Toplantıda iştirak edən Azərbaycan Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, türkdilli dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsi ölkə üçün əsas prioritetlərdən biridir. Hazırda dünyada gedən regionallaşma mühiti dövlətlərarası əlaqələrin dərinləşməsini və region ölkələrinin inteqrasiyasını şərtləndirir.
Qeyd edilib ki, bu gün hüquq sistemləri bir çox qlobal və yerli çağırışlarla üz-üzədir. Bu çağırışlar ədalət mühakiməsinin həyata keçirilməsində müasir kommunikasiya texnologiyaları, süni intellektin və digər mütərəqqi təcrübələrin daha da dərindən tətbiq edilməsidir. Azərbaycanda da elektronlaşma, müasir texnologiyaların istifadəsi sahəsində son illər əsaslı irəliləyişin əldə olunduğu vurğulanıb. Bildirilib ki, qarşılıqlı görüşlər hakim korpusunun yetişdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasına öz töhfəsini verəcək.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin II Toplantısı 22-24 may tarixlərində Türkiyənin İstanbul şəhərində baş tutur.