AZ   |   RU
Bu gün bəstəkar Aqşin Əlizadənin doğum günüdür

 

Bu gün görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Aqşin Əlizadənin doğum günüdür.


Missiya.Az xəbər verir ki, Aqşin Əlizadə 1937-ci il mayın 22-də Bakıda anadan olub.



O, Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib.



Aqşin Əlizadə  Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyli ənənələrinin ən parlaq davamçısı hesab olunur. 



Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma, sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I dərəcəli diploma layiq görülüb. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq monodik xarakteri ilə diqqət çəkir.



Əsas əsərləri "Babək" baleti, "Qafqaza səyahət" baleti, "Ümid valsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və başqalarıdır. 



Aqşin Əlizadə təbiəti, təfəkkür tərzi baxımından lirik bəstəkardır. Onun əsərlərində dolğun, lirik melodiyaların bolluğunu , təbiət lövhələrinə böyük yer verilməsini də bununla izah etmək olar. 




Bəstəkar 50-dən artıq bədii film, cizgi filmi və tamaşaya musiqi yazıb. 



O, 1979-1985-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 1985-1990-cı illərdə birinci katibi olub. 30 ildən artıq Bakı Musiqi Akademiyasında, Y.Məmmədəliyev adına Naxçıvan və Türkiyənin Van universitetlərində dərs deyən bəstəkarın musiqiçilər nəslinin yetişməsində böyük xidmətləri var. 

 


Dahi sələflərinin ənənələrinə dayaqlanaraq sənətdə öz yolunu tapmışdır. Onun Azərbaycan kino sənətindəki xidmətləri əvəzsizdir.



Azərbaycan mədəniyyətinin ən istedadlı və özünəməxsus simalarından biri olan Aqşin Əlizadə 2014-cü ilin mayın 3-də Bakıda vəfat edib. 



Allah rəhmət eləsin.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 22-05-2024, 10:02