Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin əməkdaşları, texnika elmləri doktorları, professorlar Natiq Cavadov, Elçin İsgəndərzadə və Hikmət Əsədovun Azərbaycan Respublikasının Elm Sahəsində Dövlət Mükafatına təqdim etdikləri “Müasir hərbi döyüş sistemlərinin effektivliyinin yüksəldilməsi üzrə kompleks elmi tədqiqatlar” adlı fundamental nəzəri-təcrübi araşdırmaları müasir dövrün ən aktual problemlərindən birinə həsr olunmuşdur. Zaman keçdikcə kontaktlı müharibələrin müxtəlif növlərinin bir çoxu ixtisar olunacaq, bu da eyni zamanda dünyanın bütün ölkələri üçün praktiki olaraq müharibənin ağırlığının yüngülləşməsinə gətirib çıxaracaqdır. Lakin qeyd etmək lazımdır ki, iqtisadi tərəfdən inkişaf etmiş bir çox ölkələr kontaktsız müharibənin aparılması üçün öz silahlı qüvvələrinin quruculuğunun və döyüş hazırlığının inkişafına davam etməlidirlər. Daha inkişaf etmiş və stabil iqtisadiyyatı olan ölkələrdə perspektivli yüksək dəqiqliyə malik silah sistemlərinin işlənib hazırlanması prioritet istiqamətlərdəndir.
Tədqiqatın məqsədi və həll edilən məsələləri: Kompleks elmi tədqiqatın əsas məqsədi adi silahların inkişafı, onların güc və mobilliyinin artırılmasına, həmçinin döyüş texnikasının, idarəetmə, kəşfiyyat və REM vasitələrinin keyfiyyətinin yeni texnologiyalardan istifadə hesabına təkmilləşdirilməsindən ibarətdir. Aydındır ki, qoşunların hədəflərə gecə-gündüz, istənilən hava şəraitində, düşmənin intensiv əks-təsiri olduqda belə zərər vura bilən yüksəksərrast silahlarla təchiz edilməsi nəticəsində Silahlı Qüvvələrin atəş gücünü artırmaq mümkündür. Belə silahların sərrastlığına infraqırmızı, istilikgörmə, radiolokasiya, radiometrik, avtonom inersiyalı və əsasən də özütuşlanan lazer vasitələrinin tətbiqi ilə nail olmaq mümkündür.
Silah sistemlərinin, effektiv kəşfiyyat, rabitə və informasiya vasitələrinin sürətli inkişafı özündə idarəetmə və məhvetmə vasitələrini birləşdirən, real vaxt ərzində və böyük dərinlikdə hədəfləri dəqiq aşkar edib zərər vurmağa imkan verən kəşfiyyat-atəş kompleksləri və kəşfiyyat-zərbə komplekslərinin yaradılmasını qaçılmaz edir. Bundan başqa optik və optik-elektron kəşfiyyat qurğuları müasir hərbi münaqişələrdə vacib rol oynayırlar. Qarşı tərəf barədə müxtəlif məlumatların əldə edilməsi, görüntü zəif olan şəraitdə müşahidələrin aparılması hərbi əməliyyatların düzgün planlaşdırılmasının və müvəffəqiyyətlə başa çatdırılmasının vacib şərtlərindən biridir. Bu cür kəşfiyyat qurğularına fotoaparatlar, videokameralar, gecə görmə qurğuları və s. aiddir. Bu cür qurğuların vaxtında aşkarlanması və zərərsizləşdirilməsi olduqca vacibdir. Bunları nəzərə alaraq müəlliflər daşınan lazer optik-elektron dəfetmə qurğusunun yaradılması problemlərini geniş şəkildə tədqiq etmişlər. Burada məqsəd daşınan lazer optik – elektron dəfetmə qurğusunun (daha sonra “dəfetmə qurğusu” adlandırılır) yaradılmasına dair elmi – texniki həllərin, sistemin quruluşunun əsas prinsiplərinin, o cümlədən blok–sxemin və funksional sxemin işlənilməsindən ibarətdir. İşdə dəfetmə qurğusu cəldişləmə kriteriyası üzrə optimallaşdırılmış, dəfetmə qurğusunun dinamikasına olan tələblər müəyyənləşdirilmiş, lazerin dalğa uzunluğunun enerji kriteriyası üzrə optimal seçilməsi məsələsi tədqiq edilmiş, atmosferin təsiri də nəzərə alınmaqla lazerin dalğa uzunluğunun optimal seçilməsi üçün analitik ifadə alınmışdır. Eyni zamanda lazer vasitəsilə gizli yerləşdirilmiş mini-kameraların aşkar edilməsinin çətinlikləri tədqiq edilmiş, müxtəlif optik sxemlərin imkanları araşdırılmış, böyük güclü lazerin qarşı tərəfin kəşfiyyat kamerasının aperturasına çatdırılan enerjisinin maksimal mümkün qiymətinin hesablanması metodikaları təhlil edilmiş, müvafiq hesablamalar aparılmışdır.
Kompleks tədqiqatın vacib bölmələrindən biri də “Aviasiya məhvetmə vasitələrinin yarımaktiv özüyönələn başlığının layihələndirilməsi”nə həsr olunmuşdur. Yarımaktiv lazer özüyönələn başlıqlar lazerlə idarə edilən mərmi və raketlərin idarə blokları və sistemlərinin vacib hissəsidir. Ümümiyyətlə, mərmi və raketlərin lazerlə idarə edilməsi aktiv və yarımaktiv prinsiplər əsasında yerinə yetirilə bilər ki, ozüyönələn başlıqlar hər iki halda istifadə edilirlər. Aktiv prinsipdə lazer şüası və mərmi təyyarədən buraxılırsa, başlıq bilavasıtə buraxılmış lazer şüasına bağlanaraq hərəkət edir və bütün uçuş müddətində lazerlə istiqamətlənir. Bu halda optik aktiv qəbul və emal qurğusu mərminin qabağında yerləşdirilir. Yarımaktiv prinsipdə mərmi və lazer şüası müxtəlif yerlərdən buraxılır. Lazer şüası hədəfə yönəldiyi üçün hədəfdən əks olunan şüa mərminin qabaq tərəfində yerləşən optik qəbul və emal qurğusuna daxil olur və nəticədə mərmini hədəfə yönəldən idarə siqnalları hasil edilir.
Bu bölmədə uyğun olaraq, yarımaktiv sistem riyazi modelləşdirilmiş, yarımaktiv sistemin riyazi modeli optimallaşdırılmış və müvafiq tövsiyyələr işlənilmiş, prinsipial məsələlər nəzəri olaraq tədqiq edilmiş, hazırlanmış metodikalar üzrə hesablamalar aparılmışdır. Eləcə də yarımaktiv lazer başlığının optik sistemi təhlil edilmiş, dördkvadrantlı detektorda bucaq meyletmə siqnallarının analitik ifadələri aşkar edilmiş, müvafiq qrafiklər qurulmuş, yarımaktiv başlığın optik sisteminə aid olan əsas tələblər müəyyənləşdirilmiş, yüksələn trayektoriya ilə uçan, üzərində lazer nişanlayıcısı olan təyyarə vasitəsilə müxtəlif hündürlüklü hədəflərin nişanlanması proseduru optimallaşdırılmışdır.
Kompleks elmi tədqiqatlara dair əldə olunmuş əsas nəticələr müəlliflərin WoS və SCOPUS bazalarına daxil olan jurnallarda nəşr etdirdiyi bir sıra məqalələrdə öz əksini tapmışdır.
Bütün deyilənlər belə hesab etməyə əsas verir ki, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin əməkdaşları, texnika elmləri doktorları, professorlar Natiq Cavadov, Elçin İsgəndərzadə və Hikmət Əsədovun Azərbaycan Respublikasının Elm Sahəsində Dövlət Mükafatına təqdim etdikləri “Müasir hərbi döyüş sistemlərinin effektivliyinin yüksəldilməsi üzrə kompleks elmi tədqiqatlar” mövzusunda elmi araşdırmaları yüksək elmi səviyyədə yazılmış fundamental tədqiqat işidir və ona Azərbaycan Respublikasının Elm Sahəsində Dövlət Mükafatının verilməsini tövsiyə edirəm.
ARİF HƏSƏNOV
milli təhlükəsizlik və hərbi elmlər üzrə
fəlsəfə doktoru, dosent, general-mayor
Milli Müdafiə Universiteti rektorunun
elm üzrə müavini – Hərbi Elmi
Tədqiqat İnstitutunun rektoru