Əli Zülfüqafoğlu: "Gürcüstanın müstəqil siyasətə meyillənməsi Qərb dairələrini narahat edir"
Amerika Birləşmiş Ştatları (ABŞ) başda olmaqla Qərb həmişəki kimi öz pozucu, təxribatçı siyasətinə davam edir. Gürcüstanı öz təsir altına alaraq Ukraynanın vəziyyətinə salmağa çalışır, bu ölkənin cəmiyyətinin əsaslarının laxladılması məqsədi güdür. Qərb 2004-cü ildə baş verən ssenarini təkrarlamaq istəyir, həmin illərdə hakimiyyətdə olmuş Saakaşviliyə yalan vədlər verdiyi kimi indi də belə planlar qurur. Lakin artıq Gürcüstan hakimiyyəti və xalqı əvvəlki dövrlərdən fərqli olaraq təhlükəni görür.
TAİB üzvü, tanınmış jurnalist, siyasi şərhçi Əli Zülfüqaroğlu Missiya.Az-a açıqlamasında bildirib ki, əslində bütün dünyada baş verən qarşıdurmalar, qanlı toqquşmalar, regional gərginliklərin artırılmasının arxasında Birləşmiş Ştatların çoxqütblü dünyaya keçid prosesinin qarşısını almağa hesablanan pərdəarxası əməlləri dayanır:
"Lakin yeni dünya nizamı qurulur, köhnə ittifaqlar, beynəlxalq təşkilatlar, dövlətlərarası münasibətlər sistemində çox ciddi dəyişikliklərin olacağı gözlənilir. Bu da ilk növbədə ABŞ-nin dünya üzrə hegemoniyasına son qoyulması ilə nəticələnəcək. Ona görə də Birləşmiş Ştatlar maksimum çalışır ki, həmin prosesi əngəlləsin, bütün bölgələrdə, demək olar ki, dünyanın hər yerində gərginlik ocaqlarının yaranmasına, separatizmin dəstəklənməsinə, terror təşkilatlarının maliyyələşdirilməsi və silahlandırılmasına, eyni zamanda QHT-lər, müxtəlif media quruluşları və digər vasitələrlə cəmiyyətin deqradasiyasına nail olmaq və nəticədə kosmopolit cəmiyyətləri formalaşdırmaq, nəticədə xalqları milli dəyərlərdən uzaqlaşdırmaqla dövlətçilik mexanizmlərinin sarsıdılmasına yönələn metodlar işləyib hazırlamaq istiqamətində ciddi işlər görür".
Əli Zülfüqaroğlu qeyd edib ki, hazırda Qərbin bölgədə əvvəlki ənənəvi separatizm üzərindən yürütdüyü siyasət artıq sarsılıb:
"Xüsusilə də Azərbaycan ikinci Qarabağ savaşından sonra bölgədə yeni geosiyasi reallıqlar yaratdı. Həm müharibədən öncəki, həm də sonrakı dönəmlərdə Fransanın gerçək simasının ortaya çıxmasını müşahidə etdik. Bununla biz xalq olaraq gördük ki, əslində Azərbaycanın indiyə qədər yürütdüyü siyasət hansı təzyiqlərə məruz qalıb. Sözügedən proses indi də davam edir. Artıq Bakı və İrəvan arasındakı münasibətlərin inkişafı fonunda Fransanın, eyni zamanda ABŞ-də müəyyən dairələrin hansı istiqamətdə fəaliyyət göstərdiyini görürük. Bu da təbii ki, Beynəlxalq Hüquq normalarının tapdalanması anlamına gəlir".
Siyasi şərhçi əlavə edib ki, Gürcüstanda baş verən olaylar da həmin prosesin tərkib hissəsidir:
"Gürcüstanın hakim dairələri xüsusilə son proseslərdən nəticə çıxararaq bu dövlətin və xalqının iradəsinə söykənən siyasət yürütməyə çalışırlar. Xaricdən gələn və Gürcüstanın milli təhlükəsizliyini təhdid edən faktorların aradan qaldırılması istiqamətində ciddi addımlar atılır. Təbii ki, çox doğru istiqamətdir. Çünki Gürcüstan Saakaşvili nümunəsi fonunda əgər yenidən Qərbin provokativ addımlarının siyasət səhnəsinə davam etməsinin nəticəsinin nə olacağını yaxşı başa düşür. Ona görə də xüsusilə İvanşvili çalışır ki, balanslı siyasət yürütsün, Gürcüstan dövlətinin milli maraqlarının təmin olunması istiqamətində addımlar ataraq ölkənin yeni dönəmi üçün siyasəti müəyyənləşdirsin. Əlbəttə ki, bu da Gürcüstanın Qərbin təsir dairəsindən çıxması, müstəqil siyasət yürütməsi deməkdir. Bu Qərbin separatçı dairələrini ciddi şəkildə narahat edir. Ona görə də Gürcüstanın daxilində müəyyən proseslərin getdiyini müşahidə edirik. Bütün sözügedən proseslər bəlli hədəfə hesablanıb. Region dövlətlərinin milli maraqlarını təhdid edir. Gürcüstan hökuməti də Azərbaycandan nümunə götürərək hesab edirəm ki, çox ciddi və effektiv siyasət yürüdəcək. Qərbin bölgədəki pozucu əməllərinin iflasının şahidi olacağıq".
Zərintac Mayisqızı
Missiya.Az