Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri (Ombudsman) Məryəm bint Abdullah Əl-Attiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Missiya.Az xəbər verir ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qonaqları salamlayaraq, Azərbaycan-Qətər əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini söyləyib.
Qeyd edilib ki, iki ölkənin münasibətləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan Qətərlə bütün sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. Qarşılıqlı səfərlər və keçirilən görüşlər iki ölkə arasında əlaqələrin güclənməsinə təkan verir.
Komitə sədri ölkəmizdə insan haqlarının təmin edilməsinə, o cümlədən qadın və uşaqların hüquqlarının müdafiəsinə xüsusi önəm veridlyinin bildirib. O, Azərbaycanda bu sahədə aidiyyəti qurumun – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Hicran Hüseynova iki ölkə arasında parlamentlər səviyyəsində müsbət əlaqələrin mövcudluğunu, bu sahədə münasibətlərin daha da dərinləşdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. O, Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri üzrə komitədə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən bəhs edib.
Komitə sədri həm ikitərəfli formatda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Qətərin uğurla əməkdaşlıq etdiyini, bir-birlərini dəstəklədiklərini deyib.
Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfəri, işğaldan azad edilmiş torpaqlarda geniş miqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, müasir infrastrukturun yaradılması barədə söhbət açılıb.
Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri (Ombudsman) Məryəm bint Abdullah Əl-Attiya səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Qətərin Azərbaycanla siyasi, iqtisadi, sosial, mədəni və humanitar əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Qonaq ölkəmizdə müşahidə olunan tərəqqi və inkişafdan məmnunluğunu ifadə edib.
O, ölkəsində qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən proqramlar, qadınların müxtəlif yüksək vəzifələrdə təmsilçiliyi, təhsil, səhiyyə sahələrində, habelə dövlət qurumlarında fəal iştirakı barədə məlumat verib.
Məryəm bint Abdullah Əl-Attiya parlamentlər səviyyəsində əlaqələrin inkişaf etdirilməsi, müvafiq qurumlar arasında əməkdaşlığın genişləndiriməsi ilə əlaqədar fikirlərini açıqlayıb.
Görüşdə iştirak edən Qətərin Milli İnsan Hüquqları Komitəsinin Baş Katibi Sultan bin Həsən Əl-Camali ölkəsində qadın hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirilən layihələr, qanunvericilikdə olan yeniliklərdən bəhs edib.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair də fikir mübadiləsi aparılıb.
Görüşdə komitənin sədr müavini Jalə Əliyeva, üzvləri Tamam Cəfərova, Sədaqət Vəliyeva, Könül Nurullayeva, Sevil Mikayılova, Qətər Dövlətinin nümayəndə heyətinin üzvləri, Qətərin Azərbaycandakı səfirliyinin təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.
Missiya.Az