AZ   |   RU
Türkiyədə cinayətkar təşkilatın qarşısı alınıb - 24 nəfər saxlanılıb

 

Türkiyənin Bursa mərkəzli 7 vilayətdə həyata keçirilən “MAHZEN-32” əməliyyatlarında qrup rəhbəri də daxil olmaqla, mütəşəkkil cinayətkar dəstənin üzvü olan 24 şübhəli yaxalanıb. 


Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında bildirib.


"Sevgili millətimiz bilsin ki, cinayətdə lovğalıq edənlərə, xalqımızın dincliyini pozanlara, mütəşəkkil cinayətkar təşkilatlara, dəstələrə dözməyəcəyik. İstənilən ölçüdə mütəşəkkil cinayət təşkilatlarını məhv edib, ədalət qarşısında cavab verəcəyik",-deyə o qeyd edib.


O vurğulayıb ki, mütəşəkkil cinayət təşkilatlarına qarşı ümumilikdə 1201 əməliyyat keçirilib, 8260 şübhəli yaxalanıb, onlardan 3058-i həbs edilib, 1740-ı barəsində isə məhkəmə nəzarəti qərarı verilib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 26-04-2024, 10:24