AZ   |   RU
“Bazar ertəsi sindromu” nədir? - AÇIQLAMA


İnsanların bir çoxu “bazar ertəsi sindromu” yaşayır. Buna səbəb kimi gərgin iş rejimi, iş saatlarının uzun olması və yaxud da bəzilərinin çalışdıqları yeri sevməməsi göstərilir.

Psixoloq Gövhər Məmmədova Missiya.Az-a açıqlamasında deyib ki, bir çox şəxslər bazar günü axşamdan 1-ci gün barəsində narahatlıqla düşünür. “Yenə eyni şeyi edəcəyəm”, “Bazar ertəsi nə qədər iş var” söyləyərək stress yaşayırlar:

“Stressdən qurtulmaq üçün bazar günümüzü daha əyləncəli keçirə, gözəl məşğuliyyətlər tapa bilərik və dostlarla vaxt keçirməliyik. Həftənin son gününü əhəmiyyətini artırmalıyıq. Nəticədə 1-ci günü düşünməyə çox vaxtımız qalmayacaq və beləliklə stresə də düşmərik. Həmçinin onu da vurğulayım ki, bazar günləri idmanla məşğul olmalı, təmiz havada bol-bol gəzməliyik. Axşam da çalışaq ki, zamanında yataq. İnsanlara bazar günü axşam sakitləşdirən bitki çayları içməyi də tövsiyə edirəm” .



Gövhər Məmmədova əlavə edib ki, bazar ertəsinə çox vacib qərarları saxlamaq düzgün deyil:

“Gün boyu 1-ci günün başlaması haqda düşünməyək. Həmin günü adi gün kimi hesab edək. Bu zaman bizim üçün daha rahat olacaq. “Bazar ertəsi sindromu” əsasən işini sevməyən şəxslərdə müşahidə olunur. Düzdür bəzilərimiz işimizi nə qədər çox sevsək də tətil günlərinin çox olmağını istəyirik. İş saatlarının uzun olması da əksəriyyətimizi narahat edir. Bazar günü görüləcək işləri həftənin digər günlər arasında bölməyi məsləhət görürəm”.

Zərintac Mayisqızı
Missiya.Az





  • 22-04-2024, 10:23