AZ   |   RU
"Hamımız bir nəfər kimi Prezidentimizə minnətdar olmalıyıq" - Ramin Əhmədov



"Prezident İlham Əliyev bir güllə atmadan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına müvəffəq oldu. Əziz dostlar, bu, böyük qələbədir!"

Missiya.Az
xəbər verir ki, bu sözləri Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov öz "Facebook" hesabında yazıb.

Ramin Əhmədov bildirib ki, Cənab Prezident  Laçını, Ağdamı, Kəlbəcəri necə şəhid vermədən, güllə atmadan qaytarmağa nail olmuşdusa,Qazaxın bizə məxsus olan kəndlərini də eyni qaydada özümüzə qaytarılmasına nail oldu.

"Qeyd edim ki, bu məsələ hələ 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən qaldırılmışdı. Ötən dövr ərzində də həmin kəndlərin qaytarılması daim gündəlikdə saxlanılıb. Dövlətimiz tərəfindən bu istiqamətdə sistemli iş aparılıb. Bu da nəticə!

Prezidentimiz növbəti dəfə sübut etdi ki,  onun hər bir bəyanatının, verdiyi vədlərin arxasında dəqiq, hesablanmış praqmatik siyasət dayanır. Ötən yazımızda da vurğulamışdıq ki, bizim hər birimiz Dövlətin, Prezidentimizin atdığı addımlara güvənməli və ona sidq ürəkdən inanmalıyıq.  

İndi bizim hamımız bir nəfər kimi Prezidentimizə minnətdar olmalıyıq.

Təşəkkür edirik, cənab Prezident! Bir güllə belə atmadan, ancaq danışıqlar, yəni mükəmməl diplomatiyanızla torpaqlarımızı özümüzə qaytardınız.

İnanırıq ki, bu siyasət bizi həm də Zəngəzura aparacaq!", - deyə o əlavə edib.


Nurlana Əhmədova
Missiya.Az



  • 20-04-2024, 09:35