AZ   |   RU
Kiberdələduzlar bizi necə aldadır? - AÇIQLAMA


Təəssüflər olsun ki, dünyada kiberdələduzluq halları artan templə davam edir. Həmçinin, ölkəmizdə də kibercinayətkarlığın çoxaldığı, yeni formada kiber təhdidlərin yarandığı müşahidə olunur. Bir çox insan kiberdələduzların qurbanına çevrilir. Bəs görəsən dələduzlar vətəndaşları hansı metodlarla aldadır?

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə mütəxəssis Fərhad Mirəliyev Missiya.Az-a açıqlamasında deyib ki, kibercinayətkarlıqda gəlirlərin ildən-ilə artması bu sahəyə axın edən xakerlərin də çoxalmasına səbəb olur:

“Bu təkcə Azərbaycanda deyil, həm MDB, həm də bütün dünya ölkələri miqyasında cərəyan edir və sürətli bir rəqəmsal transformasiya yaşayırıq. Artıq İT və rəqəmsal sistemlər bizim həyatımızın bir hissəsinə çevrilir. Təbii ki, nisbətən geriqalan və rəqəmsal savadlılığı qənaətbəxş olmayan insanların sözügedən zəif xüsusiyyətlərindən yararlanaraq kibercinayətkarlar pul qazanmağı hədəfləyirlər. Dələduzluqda istifadə olunan metodlar fərqlidir və həmişə yenilənir. Bank hesabları, sosial şəbəkələr üzərindən bəzi şəxsləri manipulyasiya edirlər. Müşahidə edirik ki, sosial şəbəkə hesablarının ələ keçirilməsi halları get-gedə artır. Bu məqsədlə müxtəlif ssenarilər, sosial mühəndislik hücum metodları kiberdələduzlar tərəfindən hazırlanır. Kibercinayətkarların hücum vektorunu analiz edən zaman ən çox rast gəlinən üsullar “Fake fisihing” saytların yaradılması, habelə yalançı vədlər, aldadıcı psixoloji fəndlər istifadə edərək lotereya, müavinətlər, cərimələrin ödənişi zamanı endirimlər, uşaq pulları kimi şirnikləndirici təkliflərlə insanların etibarından sui-istifadə edirlər”.




Fərhad Mirəliyev bildirib ki, son dövrlər insanların vatsap, teleqram, feysbuk və instaqram hesabları daha çox oğurlanır. Kiberdələduzlar hesabları ələ keçirib sahibinə müəyyən ödəniş müqabilində, ya da kriptovalyuta ilə təzədən qaytarmağı təklif edirlər:

“Bəzən də müəyyən bir şəxsin sosial şəbəkə hesabı vasitəsilə dostlarına mesaj yazırlar. Həmin hesabın sahibinin sanki dar ayaqda, ehtiyac içində olması kimi əhavalatlar uydururlar. Pul istənilir, sonra guya borc alınan məbləğ geri qaytarılacaq. O cümlədən şantaj predmetinə də baş vururlar. İstifadəçilərin şəxsi hesablarında müyəyyən fərdi məlumatları olur ki, bunlar konfidiensallıq baxımından əhəmiyyət kəsb edir. Bu faylların yayılması hər hansısa bir şəxsin nüfuzu və imici üçün müəyyən fəsadlar törədə bilər. Xakerlər bundan da yararlanıb qarşı tərəfdən dələduzluqla pul istəyirlər. Onu da vurğulayım ki, bir çox fərdi məlumatların təkrar satışına cəhdlər olur. Məsələn, insanların əksəriyyətinin hansısa kataloqları, bazaları ola bilər. Məsələn müştəri ilə işləyən şirkətlərin məlumatları oğurlanaraq onlara təkrarən satılır. Belə cinayətkarlar izləyici sayı çox, cəmiyyətdə nüfuzu olan şəxslərin hesablarını narkotik vasitələrin və kriptovalyuta satışını həyata keçirmək üçün də oğurlayırlar. Yaxud dələduzlar öz məqsədlərinə nail ola bilmədikdə sözügedən hesablar vasitəsilə cəmiyyətə hörmətsizlik edirlər. Sosial şəbəkə sahibinin adından təhqirlər, böhtanlar yayımlayırlar. Bunu onun işgüzar nüfuzuna xələl gətirmək məqsədilə edirlər”.

Zərintac Mayisqızı
Missiya.Az





  • 19-04-2024, 15:22