AZ   |   RU
Bakı ilə Moskva arasındakı qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan əməkdaşlığın nəticəsi

Ötən gün ölkə mətbuatında Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması haqda məlumatlar yayıldı. Bu gün isə Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirdi ki, “Rusiya sülhməramlılarının Azərbaycandan vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib”. Bundan əlavə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılmasına başlanıldığını təsdiq etdi.


Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını antiterror əməliyyatlarından sonra Azərbaycanın növbəti uğuru hesab etmək olar. 44 günlük müharibədən sonra Azərbaycan-Rusiya-Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatdan sonra bölgəyə daxil olan sülhməramlıların uzun müddət Qarabağda qalması təhlükəsi var idi. Əslində Moskva da buna can atırdı və sülhməramlı kontingentin bölgəyə daxil olmasında sonra atdığı addımlar da Qarabağda uzun müddət qalmağa hesablanmışdı. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycanın qarşısında duran ilk əsas məqsəd bölgədə erməni separatzimini kökündən birdəfəlik həll etmək və sonra bu məsələni həll etmək məqsədi daşıyırdı. Və elə də oldu, Rəsmi Bakı ötən il Qarabağ problemini birdəfəlik həll edərək Xankəndidə Azərbaycan bayrağını dalğalandırdı. Bu hadisədən sonra sülhməramlıların bölgədə varlıqlarını davam etdirmələrinə səbəb qalmadı.


Qarabağda separatizmin ləğv edilməsindən sonra isə qarşıda duran əsas məsələ isə Rusiya sülhməramlıların bölgədən çıxarılması idi. Bir neçə gün bundan öncə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinin “Ermənilərin Qarabağdan çıxmasından sonra Rusiya sülhməramlılarının bölgədə qalması səbəbləri azalıb” deməsi əslində hərbi kontingentin bölgədən çıxarılacağına öncədən verilmiş mesaj idi. 


Sülhməramlıların Azərbaycandan çıxarılmasını daha geniş anlamda Bakı ilə Moskva arasındakı qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan əməkdaşlığın nəticəsi kimi də dəyərləndirə bilərik. 



Daşqın Həsənov
Missiya.Az



  • 17-04-2024, 17:44