AZ   |   RU
Azərbaycanda qadın qətlləri, ailələrdə zorakılıq – Faciə ilə nəticələnən münaqişələrin səbəbi nədir?
Tarix boyu Azərbaycanda ailəyə, ailə dəyərlərinə hörmətlə yanaşılıb. Amma son dövrlər qadın qətilləri və ailədaxili münaqişələrlə bağlı xəbərlərə tez-tez rast gəlirik. Təbii ki, belə mənfi halların artması cəmiyyəti ciddi narahat edir.
 
Bəs ailədaxili şiddətin artmasının səbəbləri nədir və bu tip münaqişələrin qarşısını necə almaq olar?
 
Psixoloq Elnur İsayev Missiya.Az-a açıqlamasında ailədaxili münaqişələrin artmasını müasir dövrdə real ünsiyyətin azalması ilə əsaslandırıb.

 “Müasir dövrdə internetin, sosial şəbəkələrin inkişaf etməsi ilə insanlar arasındakı münasibətlərdə soyuqlaşma halları artıb. Fərdlər bir-biri ilə ünsiyyətdən qaçır, real deyil, virtual ünsiyyətə üstünlük verir, internetdə filmlərə baxmaqla, musiqi dinləməklə real həyatda az danışırlar. Bu mənfi tendensiya əsasən ailə fərdləri arasında ciddi konfiliktlərə səbəb olur. Məsələn, elə ailələr var ki, kişi özünü yalnız pul qazanmaqda məsuliyyətli görür. Kişi düşünür ki, “qazanıb gətirirəm, hər şey alıram, evin problemlərini qarşılayıram, mənim işim bununla da bitir”. Belə düşünən kişi işdən evə gəlir və futbola və ya kinoya baxıb yatır. Həyat yoldaşı və övladları ilə ünsiyyət qurmur, onların gündəlik qayğıları ilə maraqlanmır. Belə ailələrdə çox vaxt qadın ərindən məcburiyyətdən boşanmır. Düşünür ki, ayrılıb kimin yanına gedəcəm? Hər qadını atası iqtisadi cəhətdən təmin edə bilmir. Kişinin bu tipli diqqətsiz davranışları çox hallarda qadınlarda ciddi aqressiya yaradır. Bu səbəbdən ailədə uzun illər yaşanan soyuq münasibət, ünsiyyətsizlik ciddi ailədaxili münaqişələrlə nəticələnir”.
 

Elnur İsayev bildirib ki, ailədə ciddi münaqişələrinin baş verməməsi üçün qadın və kişi öz üzərinə düşən məsuliyyəti lazımınca yerinə yetirməlidir.

“Mütləq ailə fərdləri dinləməyi bacarmalıdır. Qadın kişinin, kişi isə qadının qayğıları ilə maraqlanmalıdır. Kişi işdən gələn kimi futbola baxıb yatırsa, ailənin heç bir problemi ilə maraqlanmırsa, ünsiyyət qurmursa, həmin fərdlər arasında soyuqlaşma yaranır. Kişi hər gün evə gələndə ən azı 10-15 dəqiqə qadını və uşaqlarını dinləməli, onların qayğıları ilə maraqlanmalıdır. Cütlük bir-birini nə qədər sevirsə sevsin, ailə qurduqdan sonra onlar arasında ünsiyyət problemi yaranırsa, dinləməyi bacarmırlarsa, bu proses ciddi münaqişələrə səbəb olur. Ona görə də ailədaxili münaqişələrdən xilas olmağın əsas yolu fərdlərin bir-biri ilə ünsiyyət qurmasıdır, bir-birini dinləməyi bacarmasıdır. Ünsiyyət qurularsa, kiçik konfiliktlərdən şiddət doğmaz. Problem qısa zamanda danışıq yolu ilə həll olunar. Həmçinin, ailədaxili münaqişələrin qarşısını almaq üçün yeni sosial, iqtisadi və mənəvi cəza mexanizmləri tətbiq olunmalıdır. Məsələn, Qadına qarşı şiddətlə bağlı qəbul olunmuş İstanbul Konvensiyasının müddəalarından birində qeyd olunub ki, kişi ilə qadın mübahisə edərkən kişi əlini divara vurarsa, onun bu hərəkəti də şiddət hesab olunur. Bundan başqa, müşahidələr göstərir ki, iqtisadi cəhətdən güclü olan qadına kişi ciddi təsir edə bilmir. Çünki həmin qadının “mən hara gedəcəm, kiminlə qalacam” kimi problemi olmur. Bu isə qadının özünümüdafiə qabiliyyətini artırır. Onu da qeyd edim ki, cütlüklər arasında yaşanan münaqişələrdən ən çox zərər görən uşaqlardır. Əksər münaqişəli ailələrdə böyüyən uşaqların psixoloji reabilitasiyaya ehtiyacı olur".

Ailədaxili münaqişələrin artmasının qarışının alınmasında cəmiyyətin də üzərinə böyük məsuliyyətin düşdüyünü deyən psixoloq bildirib ki, bəzən insanlar belə məsələlərdə katalizator rolunu oynayır. 

“Məsələn, əvvəllər əksər insanlar dayanacaqda, yol kənarında şiddətə məruz qalan qadın görərdilərsə, tez ona kömək etməyə, aranı sakitləşdirməyə can atardılar. Amma son dövrlər mənfi tendensiya hökm sürür. Bəzi insanlar “niyə özümə problem yaradıram” düşüncəsi ilə dava edən tərəfləri ayırmaqdan, aranı sakitləşdirməkdən çəkinir. Düşünür ki, “nə işimə qalıb, öz problemləridir, özləri həll etsinlər, vaxtımı niyə alıram”. Digər tərəfdən, əvvəllər qonşuda həyəcanlı səs eşidiləndə o dəqiqə müvafiq qurumlara xəbər verilirdi ki, məsələn, “bu qadına qarşı şiddət tətbiq edilir, kömək edin”. İndi isə insanlar bir-birinə qarşı çox laqeydləşib. Cəmiyyət bu məsələdə katalizator rolunu oynamamalı, rastlaşdığı şiddət hadisələrinə bir vətəndaş olaraq reaksiya verməlidir. Cəmiyyətin şiddətə müqavimət göstərməsi belə halların azalması ilə nəticələnər. Həmçinin ailədaxili münaqişələrlə bağlı qanunlar ciddi şəkildə tətbiq olunmalı, şiddətin qadın və ya kişi tərəfindən törədilməsindən aslı olmayaraq cəza tədbiri görülməlidir”.

Elvin Məmmədov
Missiya.Az


 

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.18 istiqaməti üzrə (gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması) hazırlanmışdır.  

  • 11-09-2021, 12:43