Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir? - AÇIQLAMA - VİDEO
Azərbaycanda yeni tikili binalardan mənzil əldə etmək istəyən şəxslər evləri əksər hallarda təmirsiz halda alırlar. Lakin elə şirkətlər də var ki, onlar mənzilləri tam tikərək vətəndaşa təhvil verirlər. Bəs görəsən təmirli, yoxsa təmirsiz mənzil almaq daha sərfəlidir?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Missiya.Az-a açıqlamasında deyib ki, təmirli və təmirsiz mənzillərdəki fərq bəzən qiymətlərində olur. Bundan əlavə vətəndaş əgər bir evin tikintisini özü etdirərsə əlbəttə nəzarət də mənzil sahibinin məsuliyyətindədir:
“Orada istifadə olunan tikinti materiallarının keyfiyyəti, təmirin uzun müddətli olması ilə bağlı insanların da bir zəmanəti olur. Bəzi hallarda xüsusilə yeni tikili binalardan ev alan şəxslər bir müddət sonra həmin mənzildə hər hansı bir nöqsanlar üzə çıxdığının şahidi olurlar. Müəyyən qüsurlar var ki, onları aradan qaldırmaq üçün külli-miqdarda pul tələb edilir. Vanna otağı, sanitar qovşaqlar, alt hissələrdə gedən elektrik naqillərində hər hansı bir nasazlıq varsa, tikilmiş hissələr sökülərək yenidən bərpa işləri aparılır. Köhnə tikili binalardakı mənzillərin isə təmiri müxtəlif formalarda olur: Köhnə, orta və yeni təmirli. Yeni tikili binalarda isə əksər hallarda şirkətlər evi tam tikilməmiş satdığına görə mənzil sahibləri onu özləri həll edir. Əslində təmirli və təmirsiz mənzillərdə qiymət fərqi elə də çox deyil. Ortalama bir mənzilin bərpasına təqribi 300-350 manat pul xərclənir ki, binadan eyni ümumsahəli ev alan şəxs mənzilin həm təmirlisinin, həm də təmirsizinin qiymətlərinə nəzər yetirir. Böyük qiymət fərqi yoxdursa əsasən təmirli almağa daha çox önəm verilir”.
Elnur Fərzəliyev əlavə edib ki, dünya təcrübələrinə baxsaq, xarici ölkələrdə yeni tikili binalarda mənzillərin təmirsiz satışı anlayışı yoxdur:
“Bütün evlər tam tikilmiş formada satılır. Bunun əsas səbəbi isə sözügedən təmirlə bağlı insanlara verilən zəmanətdir. Habelə mənzillər vətəndaşlar tərəfindən tikilərkən ağır yüklər liftlər vasitəsilə qaldırılır. Bu da liftləri sıradan çıxarır, blok hissələrinə ziyan verir. Bu cür halların yaşanmaması üçün ev təmirli satılmalıdır. Məsləhət görülür ki, tikintinin 80-90 %-i tikinti şirkəti özü etsin. Digər müəyyən dizayn işlərini insanlar öz zövqlərinə uyğun etsə daha yaxşı olar”.