AZ   |   RU
Kökün orqanizmə hansı faydaları var?

 

Kök orqanizm üçün olduqca faydalı tərəvəz növlərindən biridir.  Kökün özü qədər şirəsi də sağlamlığımız üçün əhəmiyyətli hesab olunur.  Adətən valideyinlər övladlarına kiçik yaşlarından kök şirəsi verərək, onların imunitetini gücləndirməyə çalışırlar. Lakin kök şirəsini sadəcə uşaqlar deyil, böyüklər də istifadə edirlər. 


Mütəxəssislərin dediyinə görə, kök və kök şirəsi az kalorili olmasına baxmayaraq qidalandırıcıdır. Artıq çəkidən xilas olmağa kömək edir. Qida qəbulu arası yeyilən 1-2 orta ölçülü kök toxluq hissi yaradır.


Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir.  Vitamin və minerallar baxımından zəngin tərkibə malik olan bu tərəvəz, başda A vitamini olmaqla K, C, B, B6 və E kimi vacib vitaminləri ehtiva etdiyi üçün orqanizmin bir çox vitamin və mineral maddələrə olan sutkalıq tələbatını təmin edən ən faydalı tərəvəzlər sırasındadır. 


Kök maddələr mübadiləsini normallaşdırır, dərini cavanlaşdırır, ürək-damar sistemini gücləndirir. Dərman bitkisi olaraq təxminən 4 min il bundan öncə istifadə edilməyə başlanılmışdır. 


Kök qaraciyərin funksiyasının qorunması, həzm sistemi üçün çox faydalıdır. Öd kisəsi və qaraciyər fermentlərinin tənzimlənməsinə böyük təsir göstərir. Piylənmənin qarşısını alır. Təbii A vitamini mənbəyi olduğu üçün gözlərin sağlamlığını, görmə qabiliyyətini artırır. Sümüklə bağlı problemlər və osteoporoza qarşı faydalıdır. Tərkibindəki E vitamini xərçəngin əmələ gəlməsinin qarşısını alır.


Bir sözlə, kök sadaladığımız bir sıra faydalarından əlavə min bir dərdin dərmanıdır.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 



  • 27-03-2024, 11:21