Bildiyimiz kimi, ölkə sərhədləri bir neçə müddətdir ki, bağlı olaraq qalır və bu da bir çox insanların mənfi rəylərinə səbəb olub. Izah verə bilərik ki, Azərbaycan dövləti regionumuzda baş verə biləcək terror hadisələrinin qarşısını almaq, insanlarımızın təhlükəsizliyinin təmin olunması üçün sərhədlərin bağlı qalmasını məqsədəuyğun hesab edir. Buna misal olaraq bir neçə gün öncə Moskvada "Krokus Siti Holl" da baş verən terror hadisəsini göstərə bilərik. Həmin hadisə nəticəsində 200-ə yaxın insan öldürüldü, yüzlərlə insan isə müxtəlif bədən xəsarətləri aldı.
Bu cür hadisələr təkcə Rusiyada deyil, digər qonşu dövlətlərdə də davam edir. Belə ki, qardaş Türkiyədə baş verən terror aktlarını qeyd edə bilərik. Türkiyə uzun illərdir ki, terrorla mübarizə aparmasına baxmayaraq, hələ də insan faciələrinin qarşısını almaqda çətinlik çəkir. Terror hadisələrinin digər cənub qonşumuz İranda da yaşandığının şahidi oluruq. Hətta, bir neçə gün öncə İrəvanda da əlində qumbara olan şəxsin polis bölməsinə daxil olması barədə məlumat Ermənistan KİV-də yayılmışdı. Bütün bunlar göstərir ki, regionda hər an terror hadisəsi baş verə bilər.
Dövlətimiz üçün isə ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi əsas proritet olaraq qalır.Ötən gün Lənkəran rayonu Icra Hakimiyyətinin başçısına qarşı terror aktının planlaşdırıldığı barədə Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yaydı. Görünən odur ki, hansısa radikal qüvvələr ölkədə terror hadisəsi törətməkdə maraqlıdırlar. Ancaq hüquq mühafizə orqanlarının öz vəzifələrinin öhdələrindən layiqincə gəlmələri bir daha sübut edir ki, ölkə daxilində terror aktları planlaşdıranlar öz məqsədlərinə nail ola bilməyəcək.
Ukraynada və Yaxın Şərqdə davam edən müharibə fonunda dünyanın böyük gücləri artıq öz maraqlarını hansısa terror təşkilatları üzərindən həyata keçirməyi planlaşdırırlar. Nəticə etibarilə dünyada terror hadisələrinin baş verməsinin tez-tez şahidi ola bilərik. Bu isə sərhədlərin bir müddət qapalı qalmasına, vətəndaşların təhlükəsizliyinin təmin olunmasına təkan verəcək.
Daşqın Həsənov
Missiya.Az