Rusiya sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradovun missiyasını baş vurması onun Qarabağdakı fəaliyyəti ilə bağlı yeni müzakirələrə səbəb olub. Cəmiyyətimizdə Muradovun Qarabağdakı missiyasını Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan 10 noyabr üçtərəfli bəyanatına uyğun yerinə yetirib-yetirmədiyi barədə bir çox suallar var.
Rüstəm Muradov 2020-ci il noyabrın 10-dan Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində müşahidə aparacaq Rusiya Ordusunun sülhməramlı missiyanın rəhbəri təyin olunub. Hərbi ekspert Ədalət Verdiyev
Missiya.Az-a açıqlamasında bildirib ki, Muradov üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsinə səhlənkarlıqla yanaşıb.
Sitat:
“Bir neçə dəfə Rüstəm Muradovun Qarabağdakı separatçılarla səmimi görüntüləri tirajlanmışdı. Təbii ki, bu Azərbaycan tərəfinin ciddi etirazına səbəb olurdu. Muradov üçtərəfli Birgə Bəyanatın şərtlərinin icrasına da maraq göstərmirdi. Hazırda Rüstəm Muradov vəzifəsini təhvil verir. Onu kimin əvəz edəcəyi məlum deyil. May ayında Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin ediləcəyi ilə bağlı xəbərlər yayılmışdı. İnanırıq ki, Avdeyev təyin olunsa vəzifələrinin icrasına Muradov kimi səhlənkar yanaşmayacaq, üçtərəfli Birgə Bəyanatın şərtlərinin, o cümlədən müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərindən terrorçuların sözsüz və birmənalı şəkildə çıxarılmasını təmin edəcək” – sitatın sonu.

Ədalət Verdiyev bildirib ki, Rüstəm Muradovun fəaliyyətindən İrəvan da narazı idi.
Sitat:
“Əslində sülhməramlı kontingentin komandanlığı, bəzən isə bütün heyəti hər 6 aydan bir dəyişdirilməlidir lakin tərəflərin etirazı yoxdursa, onların səlahiyyəti uzadıla da bilər. Rüstəm Muradovun səlahiyyət müddəti başa çatan vaxt Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın Rusiyanın hakimiyyət orqanlarına məktubla müraciət edərək, İrəvanın Rüstəm Muradovun fəaliyyətini mənfi qiymətləndirdiyini, onun Qarabağda fəaliyyət müddətinin uzadılmamasını istədiyini yazmışdı. Tiqran Avinyanın mətbuat katibi sonradan bu məlumatı təkzib etsə də, Rüstəm Muradovun Bakının erməni terrorçularını verməməsinə və İrəvana əliboş qayıtmasına görə Paşinyan komandasını günahlandırması yadımızdadır. Bu dəfə Rüstəm Muradovun dəyişdirilməsi labüddür”, - sitatın sonu.
Siyasi analitik Asif Nərimanlı
Missiya.Az-a açıqlamasında bildirib ki, faktiki olaraq, Rüstəm Muradovun fəaliyyəti Rusiya sülhməramlılarının həqiqi məramına uyğun gəlmirdi və funksiyalarından kənar fəaliyyət göstərirdilər.
Sitat: “Rüstəm Muradovun separatçı-terrorçulara açıq şəkildə dəstək verməsi, bəzən Rusiyanın generalı olmasına baxmayaraq, separatçılarının “bayrağı”nın altında poz verməsi və.s addımlar Azərbaycan cəmiyyətini qıcıqlandırırdı. Lakin bu Rüstəm Muradovun şəxsiyyəti ilə bağlı deyildi. Hətta Rüstəm Muradov bu vəzifəyə təyin olunanda Azərbaycan cəmiyyətində belə bir inam var idi ki, bu şəxs azərbaycanlıdır. Amma əslində o, Dağıstanda yaşayan Tabasaran millətinə mənsubdur. Tabasaran milləti azərbaycanlılarla tarixən yaxın münasibətdə olublar. İki xalq arasındakı bu yaxın əlaqələr belə Rüstəm Muradovun Qarabağda, Azərbaycanın sərhədləri daxilində, suveren ərazisində ölkəmizə qarşı fəaliyyətindən çəkindirmədi. Bu onu göstərir ki, Qarabağda sülhməramlıların neqativ addımlarının kökündə Rusiyanın siyasəti dayanır”, - sitatın sonu.
Asif Nərimanlının sözlərinə görə, Azərbaycan cəmiyyətini düşündürən əsas suallardan biri Rüstəm Muradovun yerinə təyin olunacaq yeni komandanın öz vəzifəsinin öhtəsindən düzgün gəlib-gəlməyəcəyi ilə bağlıdır.
Asif Nərimanlı bildirib ki, təyin olunacaq yeni komandanın Rüstəm Muradovdan fərqli addımlar atacağını düşünmür. Sitat: “Bilirik ki, Rusiya sülhməramlıları xüsusilə son dövrlər Qarabağda qıcıq yaradacaq addımlar atırlar. Rusiya daha açıq təxribatlar edir. Ölkənin Müdafiə Nazirliyinin və Qarabağdakı sülhməramlıların fəaliyyətində bu məqamları görə bilərik. Rəsmi Bakı Rusiya sülhməramlılarının neqativ addımlarına dəfələrlə reaksiya verib, Müdafiə Nazirliyi tərəfindən xəbərdarlıqlar edilib. Prezident İlham Əliyev “Laçın dəhlizində” baş verənlərlə bağlı danışıb. Bütün bunlar göstərir ki, rəsmi Bakı sülhməramlılarının fəaliyyətindən narazıdır. Belə bir məqamda Rüstəm Muradov vəzifəsini təhvil verir. Bu ilin may ayında Rusiyanın Cənub Hərbi Dairəsindən kiminsə Qarabağdakı sülhməramlılara komandan təyin olunacağı ilə bağlı məlumatlar yayılmışdı. Çox güman ki, belə təyinat Cənub Hərbi Dairəsinin şəxsi heyətindən olacaq. Komandanın dəyişməsi Rusiyanın siyasətini dəyişməyəcək. Söhbət Azərbaycanın maraqlarından çıxış etməkdən getmir. Əsas məsələ həm Azərbaycanın, həm də beynəlxalq aləmin hüququ prinsiplərinə uyğun fəaliyyət göstərməkdir”, - sitatın sonu.
Siyasi ekspert yeni təyinatla sülhməramlıların fəaliyyətinin dəyişəcəyi inanmadığını desə də, Rusiya sülhməramlılarının mandatının təsdiqlənməsi ilə bağlı yeniliklərin olacağını düşünür. Sitat: “Fikirimcə, burada yeganə yenilik sülhməramlıların mandatının müəyyənləşdirilməsi ilə bağlı ola bilər. Bilirik ki, mandatın təsdiqlənməsi üzərində müzakirələr gedir. Əgər mandat təsdiq edilərsə, Azərbaycan konket tələblərlə çıxış edəcək. Bakının tələbləri əsasən Qarabağda separatçı-terrorçu rejimə dəstək verilməməməsi, bütün məsələlərdə bir tərəflə – Azərbaycanla hesablaşma, Laçın dəhlizindən qeyri-humanitar yüklərin keçidinə icazə verilməməsi və əsasən birgəyaşayışın təmin edilməsi ilə bağlı olacaq. Fərqi yoxdur ki, Rüstəm Muradov getsin, başqası gəlsin. Sülhməramlıların qanunauyğun fəaliyyətinin təmin edilməsinin yeganə yolu onların mandatının təsdiq olunmasıdır”, - sitatın sonu.
Elvin Məmmədov
Missiya.Az