AZ   |   RU
Azərbaycanda kimlər terror törətmək istəyir? - Valideynləri təşvişə salan paylaşımın əsl məqsədi

 
Zaman-zaman xarici qüvvələr Azərbaycanda çaxnaşma, qarışıqlıq yaratmaq üçün müxtəlif üsullara, təxribatlara əl atıblar. Lakin heç vaxt öz çirkin niyyətlərini həyata keçirə bilməyiblər. Hüquq-mühafizə orqanlarımız həmişə belə əməllərin qarşısını müvəffəqiyyətlə alıb. Bu dəfə də sosial şəbəkələrdə bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində qətllərin həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Həmin informasiyalar valideynlərin həyəcan və narahatlığına səbəb olub.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevlə əlaqə saxladıq. O Missiya.Az-a açıqlamasında deyib ki, sosial şəbəkələrdəki feyk məlumatlar əvvəllər başqa ölkələrdə də yayılıb:

“Araşdırma zamanı məlum olub ki, bu məlumatların Azərbaycanla heç bir əlaqəsi yoxdur. Belə ki, bu il yanvarın 7-də eyni məzmunlu saxta paylaşımlar Kazanda da yayılıb. “Tatar manyak” teleqram kanalının müəllifi yanvarın 9-da Tatarıstanın paytaxtında “ət və qan günü” təşkil edəcəyinə söz verib. İlin ilk günlərindən sosial şəbəkələrdə anonim müəllifin təhdidləri ilə bağlı məlumatlar yayılmağa başlayıb, "Telegram" izləyicilərində təşviş yaranıb”.

Kazan mediasının məlumatında da qeyd olunub ki, tətildən sonra məktəblərdə qətliam törədəcəyi ilə bağlı anonim təhdidlərə görə valideynlərin övladlarını dərsə buraxmaqdan çəkindiyi barədə xəbərlər yayılıb:

“Şəhər rəhbərliyi vəziyyətə müdaxilə etməli olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, vəziyyətin sabitliyini pozmaq və panika yaratmaq məqsədi ilə birdən-birə bir neçə rayon və şəhərdə belə saxta hesablar yaranıb. Kanal artıq mövcud deyil, məlumat təsdiqini tapmayıb. Üstəlik, ilkin məlumatlara görə, kanalların müəllifləri hətta ölkədə deyillər".

Bu isə onu deməyə əsas verir ki, müxtəlif cəmiyyətlərdə təşviş yaratmağa yönəlmiş saxta məlumatlar bu dəfə Azərbaycandan da yan keçməyib. Belə ki, bu söz-söhbətlər azərbaycanlı valideynləri təşvişə salmaqdan başqa bir şey deyil.


Zərintac Mayisqızı
Missiya.Az






  • 12-03-2024, 10:08