AZ   |   RU
Bəzilərimiz niyə hər yerə gecikirik? - Psixoloqdan açıqlama

 

Yəqinki hamımızın mütəmadi hər yerə gecikən dostları, tanışları olur. Bu halları zaman-zaman özümüz də yaşamışıq. Alimlərin hesab etdiyinə görə, gecikmək vərdişi vaxtın dərk edilməsi, öz vaxtını düzgün idarə etmək qabiliyyətinə bağlıdır, eləcə də insanın şəxsi keyfiyyətlərindən asılıdır.

Belə ki, gecikmənin obyektiv və subyektiv səbəbləri də olur. Amma bəzilərimizdə belə demək mümkünsə bu vərdiş halını alıb. Nəticədə davamlı şəkildə, hətta hər gün işə, görüşə və digər yerlərə gecikirik.

Bir çox mütəxəssislər bunu yaddaş zəifliyinin olması ilə əlaqələndirirlər. Gedəcəkləri məkanlarda hansı saatda olmaq lazımdır unudurlar, hətta hara getməli olduqları da yadlarından çıxara bilirlər.


Mövzuya dair psixoloq Aytən Ələkbərova Missiya.Az - a açıqlama verib. Onun sözlərinə görə, bu cür insanların sayı çoxdur. Bəziləri vaxtını düzgün qiymətləndirmədiyindən daim gecikir, digərləri isə bilərəkdən edir.



“İnsan zamanını doğru şəkildə tənzimləməyi bacarsa, getdiyi ünvana da gecikməz. Bir məqam da var ki, əksəriyyət bunu bilərəkdən edir. Onlar ailədə dinlənilmədiyi, hörmət görmədiyindən müəyyən statuslardan sonra artıq özünü böyütmə halları yaşayırlar və bu kənardan da müşahidə olunur. Ümumiyyətlə sözügedən problem heç vaxt səbəbsiz yaşanmır. Təcrübələrimiz onu göstərir ki, sayılıb- seçilən şəxslər olur ki, özgüvənini daha da qaldıraraq bu kimi addımlar atır. Nəticədə məkana ən son gedərək, diqqət mərkəzində, görünmək və hər kəsin onu alqışlamasını istəyir”, - deyə psixoloq əlavə edib.

Məsuliyyət hissinin insan xarakterinə necə böyük təsiri olduğunu hər birimiz gözəl bilirik. Uşaqlarda bu hissin var olması və onun hansı dərəcədə inkişaf etməsi barədə məlumat sahibi olmaq bütün valideyinlər üçün vacibdir. Çalışaq məsuliyyət hissini övladlarımıza uşaqlıqdan aşılayaq. Gedəcəkləri yerə vaxtında çatmağın, insanları gözlətməməyin nə qədər vacib olduğunu izah edək.

Zərintac Mayisqızı
Missiya.Az





  • 29-02-2024, 12:53