AZ   |   RU
Şərur şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib - FOTOLAR


Şərur şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin açılışı olub.

Missiya.Az Report-a istinadən xəbər verir ki, açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, 2023-cü il Naxçıvan Muxtar Respublikası üçün çox əlamətdar olub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Sevindirici haldır ki, proqramda qarşıya qoyulmuş tapşırıqların icrası məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin də dəstəyi ilə muxtar respublikada vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib və artıq bu gün növbəti belə mərkəzin açılışında iştirak edirik. Qeyd olunub ki, yeni xidmət mərkəzləri vergi ödəyicilərinin maarifləndirilməsinə, şəffaflığın artırılmasına, sahibkarlığın inkişaf etdirilməsinə öz töhfəsini verəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli müasir üslubda inşa olunmuş mərkəzin açılışının Naxçıvanda vergi ödəyicilərinə xidmət dairəsinin genişləndirilməsi tədbirlərinin növbəti mərhələsi olduğunu bildirib.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib ki, yeni xidmət mərkəzləri vergi ödəyicilərinə müasir xidmətlər göstərməklə yanaşı, bu sahədə qarşıya qoyulan tapşırıqların da uğurla həll olunmasına imkan verəcək.

Sonra Vergi Ödəyicilərinə Xidmət Mərkəzi ilə tanışlıq olub. Tədbir iştirakçıları mərkəzin tikinti prosesi haqqında videoçarxa baxıb, mərkəzin texniki imkanları və vergi ödəyiciləri üçün yaradılmış şəraitlə tanış olublar.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 27 fevral 2024-cü il tarixli sərəncamına əsasən xidmətin təltif olunan bir qrup əməkdaşına “Rəşadətli əməyə görə” döş nişanları təqdim olunub.




  • 27-02-2024, 21:33