Türkiyənin məşhur siyasi yazarı Taha Dağlı ABŞ-ın Əfqanıstanı tərk edərkən qoyub getdiyi milyardlarla dollarlıq hərbi texnika ilə bağlı məqalə dərc edib.
Missiya.Az xəbər verir ki, məqalədə Əfqanıstanı ələ keçirən “Taliban”ın qənimət olaraq mənimsədiyi silahların terror təşkilatını bəzi NATO ölkələrindən güclü etdiyi qeyd olunub.
Sitat:
“ABŞ silahlarını geridə buraxıb getdi. Hərbi texnikanın çoxu “Taliban”ın əlinə keçib. “Taliban” ABŞ-ın qoyub getdiyi silahlarla meydan oxuyur. Zirehli maşınlar, atıcı silahlar və toplarla yanaşı “Taliban”ı böyük gücə çevirəcək döyüş təyyarələri və helikopterlər silahlıların əlindədir. ABŞ-ın Əfqanıstanda qoyub getdiyi silahlar “Taliban”ı bir çox NATO ölkəsindən güclü edir”, - sitatın sonu.

Taha Dağlı yazır ki, ABŞ əsgərləri Əfqanıstandan çıxarkən Kabil Hava Limanının anqarlarında saxladığı döyüş təyyarələrinin və helikopterlərin bir çoxunun silah sistemlərini məhv edib və onları yararsız vəziyyətə salıb.
Sitat:
“Təyyarələrin və helikopterlərin hücum sistemləri çıxarılıb. Bir çox təyyarə yararsız vəziyyətə salınıb. Yararsız vəziyyətə salınan təyyarələrin və helikopterlərin sayı nə qədərdir? ABŞ-ın rəsmi açıqlamasında deyilir ki, 73 təyyarə və helikopter yararsız vəziyyətə salınıb. Tam siyahı bilinmir. Amma “Taliban”ın əlində olan saz vəziyyətdəki döyüş təyyarələrinin sayı 48-dir. Yəni ABŞ hərbçiləri məhv etdikləri döyüş təyyarələrindən əlavə 48 döyüş təyyarəsini “Taliban” üçün saz vəziyyətdə saxlayıb. “Taliban”ın 48 döyüş təyyarəsinin olması adi bir hadisə deyil. Bu tam olaraq 10 NATO ölkəsinin əlindəki təyyarələrin sayına bərabərdir. Məsələn, “Taliban”ın hava qüvvələrində 48 döyüş təyyarəsi olduğu halda, İslandiya və Lüksemburqun bu növ təyyarəsi yoxdur. “Taliban”ın hava qüvvələri Sloveniya, Makedoniya, Xarvatiya, Bosniya, Latviya, Albaniya, Estoniya, Litva kimi NATO ölkəsindən daha güclüdür. Hətta “Taliban”ın əlindəki döyüş təyyarələrinin sayı Slovakiya və Macarıstanın bu növ texnikalarının sayına bərabərdir”, – sitatın sonu.

Müəllif ABŞ rəhbərliyinin “Taliban”la gələcək əməkdaşlığı barədə də qeydlər edib.
“ABŞ-ın baş qərargah rəisi Mark Miley son müsahibəsində deyib ki, “İŞİD Xorasan” terror təşkilatına qarşı “Taliban”la birlikdə mübarizə aparacaqlar. Bu o anlama gəlir ki, ABŞ hərbi cəhətdən Əfqanıstandan çıxıb amma oradan əli çəkmək istəmir. ABŞ Əfqanıstanda İŞİD-lə mübarizə aparacaq. İŞİD-i havadan bombalayacaq. Yerdə isə ABŞ-ın İŞİD-ə qarşı müttəfiqi “Taliban” olacaq. Belə bir vəziyyətdə ABŞ “Taliban”a hərbi təlimlər keçə bilər. Əlbəttə ki, ABŞ “Taliban”ın müasir hərbi təyyarələri idarə edəcək pilotlarının olmadığını bilir. Rəsmi Vaşinqtonun “Taliban”ın idarə edə bilmədiyi döyüş təyyarələri üçün pilot yetişdirə biləcəyi realdır”, - sitatın sonu.
Elvin
Missiya.Az