AZ   |   RU
COP29-un Təşkilat Komitəsinin tərkibi dövlətin QHT sektoruna qiymət meyarıdır


Beynəlxalq səviyyədə yüksək nüfuza malik “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi nə qədər böyük hadisədirsə, Prezident İlham Əliyevin imzaladığı bir-birinin davamı olan 2024-cü il 13, 19 yanvar tarixli sərəncamlarının 22 fevral tarixli sərəncamla yekun dəyişikliyi nəticəsində yaradılan Təşkilat Komitəsinin tərkibinin məhz indiki şəkildə formalaşması eyni dərəcədə əhəmiyyət kəsb edən hadisədir.


Bir daha təsdiqləndi ki, vətəndaş cəmiyyətinin rolunun artırılması, Qeyri-Hökumət Təşkilatları sektorunun sayılıb-seçilən, bacarıqlı, işgüzar, fəaliyyəti ilə böyük işlərə imza atan təmsilçilərinin söz sahibinə çevrilməsi dövlətin əsas prioritetidir.


Ölkə başçısı bütün çıxışlarında vətəndaş cəmiyyəti institutlarının nə qədər vacib təsisat olduğunu dəqiq arqumentlərə söyləyir. Ənənəvi olaraq dediyini əməldə yüzdə-yüz gerçəkləşdirən rəhbər bu Sərəncamla o gerçəyi anlatdı ki, dövlət baba QHT sektorunda hansı təşkilatın necə səriştəyə malik olduğuna, icra etdiyi layihlərin təsir gücünə yaxından bələddir.


Təşkilat Komitəsinin arda-arda sərəncamlarla təkminləşdirilməsi, təşkilatların mötəbər siyahıya əlavə edilməsi ən incə nöqtələrin belə, birinci şəxs səviyyəsində nəzərə alındığını bütün tərəfləri ilə açıq göstərdi.  

Təşkilat Komtəsində təmsil olunan QHT-lərin və təşkilatların rəhbər şəxslərinin adlarını xatırlatmaq kifayətdir ki, onların həm yerli, həm də beynəlxalq səviyyədə xalq, cəmiyyət, dövlət naminə böyük işlər gördüklərini göz önünə gətirək.


Buyurun: Firuzə Sultanzadə – “EkoSfera” Sosial Ekoloji Mərkəzi İdarə Heyətinin sədri; Gülşən Axundova – “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri, Məryəm Məcidova – Azərbaycan Respublikasının Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyinin sədri; Natəvan Məmmədova – Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi; Şəbnəm Məmmədova – “SmartNation” platformasının təsisçisi; Pərvanə Vəliyeva – Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi.


Bu QHT-lərin fəaliyyətini eləcə internet seqmentində axtarışa versək, qarşımıza səhifə-səhifə məlumatlar, qalaq-qalaq fotolar, silsilə videolar çıxacaq. Həm də dünyanın müxtəlif dillərində təqdim olunan, həm də dünyanın müxtəlif ölkələrini əhatə edən layihələr. O layihələr ki, Azərbaycana hər mənada böyük üstünlüklər yaşadıb.  

Sevinməmək mümkünsüzdür. Ölkənin QHT sektorunda şəffaflığa, durulanmaya, işgüzarlığa nail oluruq. Layiqlilərə meydan verilir, qabiliyyət ön plana çıxır. QHT Agentliyinin yeni strategiyası bəhrə verir. İllərlə düyün düşən problemlər çözülür, böyük Sabir demiş, “yağı-yağ üstə çıxır, ayranı ayranlıq olur”.


Dövlət peşəkarlığa, bacarığa, məsuliyyətə, saf niyyətə malik, ölkəsini, xalqını təmənnasız sevməyi bacaran QHT-lərlə yaxından əməkdaşlığa başlayıb.


Nə gözəl. Hər hansı Təşkilat Komitəsində QHT-lərin adına ilk dəfədir rast gəlirik. Həm də söhbət COP29 kimi nüfuza malik beynəlxalq konfransdan gedir. Noyabrda Azərbaycana 100 minə yaxın mötəbər qonaq gələcək. Toplantılar, regionlara səfərlər, qərarlar, çıxışlar, görüşlər, gəzintilər, dünyanın ekoloji vəziyyətinin düzəlməsinə dəstək verən sənədlər… Konkretləşdirsək, belə deyərik: Azərbaycan mötəbərliyin mötəbərliyi səviyyəsində hadisə yaşayacaq, yaşadacaq. Prosesin icraçısı QHT-lərin təmsil olunduğu həmin Təşkilat Komitəsidir. Nə xoş bizə. Bizə - QHT sektoruna.


Ceyhun Musaoğlu  

Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin sədri



  • 23-02-2024, 21:38