Baş nazir Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurmaqla təkcə öz ölkəsinə deyil, həm də Rusiyaya xəyanət edib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Viktor Sobolev “News.ru”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu yolla Paşinyan baş verən hadisələrə görə bütün məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır: “O, hər şeyə, hər kəsə, o cümlədən ölkəsinə, xalqına xəyanət etmiş bir insandır. Düşünürəm ki, tezliklə onu aradan götürəcəklər. İndi bütün məsuliyyəti Rusiyanın üzərinə qoyur. Rusiya daha sonra Ermənistanın köməyinə gəldi. Bu, təkcə Ermənistana deyil, Rusiyaya qarşı da xainlikdir”.
Rusiyalı senator Ayrat Qibatdinov isə öz növbəsində bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın KTMT-də iştirakını dayandırdığını elan etməklə “öz oyununu oynayır”: “Müəyyən vaxta qədər Ermənistan rəhbərliyi təşkilat çərçivəsində öhdəliklərin keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı suallar qaldırmırdı. Qarabağda vəziyyət gərginləşəndə rusiyalı sülhməramlılar regionu tərk etmək istəyənlərin təxliyəsini həyata keçirdilər. Baxmayaraq ki, iki il əvvəl KTMT çərçivəsində öhdəliklərin Qarabağa aid olmadığını təsdiqləyən dialoq baş tutsa da, Paşinyan indi oyun oynamağa və məsuliyyətini Rusiyanın üzərinə atmağa çalışır”.
“News.ru” Ermənistan rəhbərliyinin KTMT-də iştirakını dondurmaqla Rusiyaya qarşı xəyanətkar davrandığını qeyd edən politoloq Sergey Markovun teleqram kanalından da sitat gətirir.
Onun sözlərinə görə, indi Azərbaycan Moskvanın Cənubi Qafqazda əsas müttəfiqinə çevrilir.
S.Markov hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron aralarındakı danışıqlardan sonra Rusiyanı regiondan çıxarmaq və orada Fransa hərbi bazalarını yaratmaq üçün plan hazırlayıblar.