AZ   |   RU
Naxçıvan əhalisinin sayı açıqlanıb



Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi muxtar respublikada əhalinin sayını açıqlayıb. 2024-cü il yanvarın 1-nə olan proqnoza əsasən ötən illə müqayisədə əhalinin sayı 0,6 faiz çoxdur.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinin əməkdaşı Elvin Quliyev məlumat verib.


O, bildirib ki, 1 yanvar 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı 468 566 nəfər olub ki, bu da 1 il öncəki göstəricidən 0,6 faiz çoxdur. Ümumi əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib. Əhalinin 35,5 faizi şəhər, 64,5 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı isə 85 nəfərdir.

Statistikaya əsasən, ümumi əhalinin 97,2 min nəfəri Naxçıvan şəhərində, 113 min nəfəri Şərur, 77,8 min nəfəri Babək, 50,7 min nəfəri Ordubad, 48 min nəfəri Culfa, 33,5 min nəfəri Kəngərli, 25,4 min nəfəri Şahbuz, 23 min nəfəri isə Sədərək rayonunda qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ildən başlayaraq Naxçıvanda ev təsərrüfatlarının uçotunun aparılmasına başlanılıb. Bununla bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq yerlərdə icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah təşkil edilib və statistik məlumatlar dürüstləşdirilərək mərkəzi elektron sistemə yerləşdirib.



  • 16-02-2024, 21:04