Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyanın Ankara-İrəvan münasibətlərinin qurulması ilə bağlı bir-birinə verdiyi müsbət mesajlar erməni mətbuatının gündəm xəbərinə çevrilib.
Missiya.Az xəbər verir ki, Ermənistan mediası Ərdoğanın çıxışından sitatlar verərək Ankaranın İrəvanla diplomatik əlaqələr qurmaq niyyətində olduğunu yazır.
Ərdoğandan sitat:
“Birmənalı ittihamların yerinə perspektiv, real yanaşmalar üstünlük təşkil etməlidir. İndi sülhü və sabitliyi daimi etməli, iqtisadi inkişaf və regional əməkdaşlıq üçün şərait yaratmalıyıq. Hətta fikir ayrılıqları olsa belə, qonşularla münasibətlər ərazi bütövlüyünə və suverenliyinə bağlı hörmət əsasında inkişaf etdirilməlidir. Münasibətlərin tədricən normallaşdırılmasına hazırıq”, - sitatın sonu.
Ermənistan mediası Nikol Paşinyanın müharibədən əvvəl daha aqressiv mövqedə olduğunu, döyüşlərdən sonra Ankaraya münasibətini yumşaltdığını yazır. “Hraparak” nəşri yazır ki, Paşinyan 2018-ci ildə Türkiyə ilə münasibətlərin düzəlməsi üçün qondarma “erməni soyqırımı”nın tanınması şərtini irəli sürürdüsə, hazırda mövqeyində bəzi dəyişikliklər edib. Hətta “Hraparak” qəzetinin iddiasına görə, Paşinyan diplomatik görüşlərin birində “soyqırımın” beynəlxalq səviyyədə tanınması ilə bağlı iddialardan əl çəkə biləcəyini də deyib.
Sitat:
“2021-2026-cı illəri əhatə edən dövlət proqramının müddiaları “regional sülh”ün yaranmasını tələb edir. Hazırda Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına maneə yaradan Qarabağ problemi yoxdur. Yalnız bir problem qalır: “Erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması. Bu məsələ “regional sülhə” ən son maneədir. Burada Paşinyan üçün yeni bir sıfır nöqtəsi var. Mənbələrimiz bildirir ki, Paşinyan diplomatlarla görüşlərindən birində “soyqırımın” tanınması siyasətindən əl çəkməyin lazım olduğunu bildirib. O bildirib ki, dünyanın ən önəmli dövlətləri “soyqırımı” tanıdığı üçün məsələnin arxasında durmaq bizim üçün problemlərdən başqa heç nə verməyəcək. Paşinyan Xarici İşlər Nazirliyinin siyasətini dəyişməli olduğunu deyib”, - sitatın sonu.
Nəşr yazır ki, qondarma “soyqırımı”n beynəlxalq aləmdə tanınması iddiasından imtina etmək üçün ilk növbədə 1991-ci ildə qəbul olunan İstiqlal Bəyannaməsinə düzəlişlər olunmalıdır. Həmin Bəyannamədən Türkiyəyə ərazi və digər maddi iddialar çıxarılmalıdır.
Elvin
Missiya.Az