Bir neçə gün bağlı qalan Gorus-Qafan yolu ilə bağlı yeni xəbərlər yayılır. Missiya.Az Ermənistanın “Hraparak” nəşrinə istinadən xəbər verir ki, yolun 21 kilometrlik hissəsi tam olaraq Azərbaycan ordusunun nəzarətindədir. Nəşr yazır ki, Rusiya ilə Azərbaycanın danışıqları nəticəsində Gorus-Qafan yolu açılsa da, hərbçilər 2-3 yerə beton səddlər qoyublar və avtomobillər yolun kiçik hissəsindən istifadə edə bilirlər.
Sitat:
“Müşahidə postlarının yanına maneələr qoyublar. Mənbələrimiz iddia edir ki, Azərbaycan psixoloji təzyiq göstərir. Yolun həmin hissəsindən keçən avtomobillər üçün dar bir keçid qoyublar. Avtomobillər həmin hissədən keçəndə sürəti minimuma endirirlər. Nəticədə Azərbaycan tərəfi yoldan keçənləri asanlıqla müəyyən edə bilir. Bu isə əlavə risklər yaradır və avtomobillərin bu yoldan keçməsinə maneə törədir. Xüsusilə qeyd etmək lazımdır ki, Milli Təhlükəsizlik Xidməti yolun 21 kilometrlik hissəsindən keçərkən avtomobili saxlamamaq, yüksək sürətlə hərəkət etməklə bağlı xəbərdarlıq yaymışdı”, - sitatın sonu.
Qeyd edək ki, avqustun 25-də Ermənistan hərbçiləri Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin əsgərlərinə qəfil hücum edib və 1 hərbçimizi yaralayıblar. Həmin hadisədən sonra Azərbaycan nəzarətində olan Gorus-Qafan yolunun 21 kilometrlik hissəsini bağlamışdı. Yolun bağlanması Ermənistanın İranla, həmçinin ölkənin digər ərazilərinin Gorus və Qafan rayonlarının kəndləri ilə əlaqəsinin kəsilməsi ilə nəticələnmişdi. Danışıqlar nəticəsində Azərbaycan müəyyən şərtlər daxilində yolun açılmasına razılıq verib. Məlumata görə, Ermənistan artıq rəsmi olaraq Gorus-Qafan yolunun 21 kilometrlik hissəsini Azərbaycan ərazisi kimi tanıyır.
Elvin
Missiya.Az