AZ   |   RU
Azərbaycanda illik inflyasiya 2 %-ə yaxın olub


Bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar ayına nisbətən 101,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 %, qeyri-qida məhsulları üzrə 101,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 % təşkil edib.

Missiya.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə isə 100,5 % olub.

O cümlədən, yanvarda qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi dekabra nisbətən 101,1 % təşkil edib. Ayrı-ayrı qida məhsullarından daha çox artım düyünün, qoyun və toyuq ətinin, təzə balığın, südün, yumurtanın, zeytun yağının, naringinin, limonun, bananın, almanın, narın, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, yerkökünün, şəkərin, konfetlərin, meyvə şirəsinin, spirtli içkilərin, tütün məmulatlarının, azalma isə əsasən manna və qarabaşaq yarmasının, unun, çörəyin, mal ətinin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, çuğundurun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,1 % olub. Qeyri-qida məhsullarından artım əsasən qəzetlərin, şampunların, diş pastalarının, kəsilmiş taxtaların, azalma isə kərpicin, kondisionerlərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Yanvarda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi dekabra nisbətən 100 % təşkil edib (qiymətlər sabit qalıb).



  • 13-02-2024, 12:14