Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə paylaşım edib.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, o, bu barədə “X”də yazıb.
“Azərbaycanda keçirilən prezident seçkilərində qələbə qazanaraq yenidən dövlət başçısı seçilən cənab İlham Əliyevi təbrik edir, vəzifəsində uğurlar arzulayıram. Seçkilərin nəticəsinin “tək millət, iki dövlət” prinsipi ilə ortaq hədəflərə doğru irəlilədiyimiz dost və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını arzu edirəm”, - o, sosial şəbəkə hesabında qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.