Öünü seçki eksperti kimi təqdim edən Anar Məmmədlinin (“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin rəhbəri ) çirkli fəaliyyəti barədə mediada zaman-zaman təkzibolunmaz faktlar yayılır.
Hər seçki dövründə fəallaşan bu şəxs əməlinə görə həbsxanada yatsa da, onu Azərbaycan əleyhinə danışdırmaq istəyənlərə "ayıqlıq"ını itirmədiyini göstərməklə pul qazanmaq hərisliyinin girdabında vurnuxmaqdadır.
Çirkli fəaliyyətin əks olunduğu faktlara nəzər salaq:
A.Məmmədli AXCP sədri Əli Kərimlinin çubuğu ilə idarə olunur. Onun sədri olduğu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin keçirdiyi seçki monitorinqlərində Əli Kərimlinin yan-yörəsində fırlanan gənclərdən istifadə olunur. Müşahidəçilər də elə həmin tip gənclərdən təşkil edilir. Onların məqsədi bütün proseslərdə qara rəng axtarmaqdır.
Ona görə də SMDTM 2001-ci ildən bu günədək ölkədə keçirilən bütün seçkilərin beynəlxalq standartlara cavab vermədiyi barədə qərəzli hesabatlar hazırlayıb və sifarişçi xarici donorlara göndərib. Qərəzli beynəlxalq təşkilatlar bu hesabatların obyektivliyinin hansı səviyyədə olduğunu, daha doğrusu səviyyəsizliyini araşdırmadan subyektiv qərarlar çıxarır, Azərbaycana böhtanlar yağdırırlar.
SMDTM-ə pulu ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitut (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), «German Marşal» fondu və ABŞ səfirliyi verir. Bu qurumlar Azərbaycanın uğurlarına həmişə çamur atır. Onlara bu şəraiti yaradanlar Anar Məmmədli kimilərdir.
Xatırlatmasaq olmur: 2013-cü ildə Anar Məmmədli barəsində AR CM-nin 192.2.2, 192.2.3, 213.2.1, 308.2-ci maddələri ilə cinayət işi açılıb və o, 5 il 6 ay müddətində azadlıqdan məhrum olunub. ABŞ-nin Milli Demokratiya İnstitutundan qanunsuz yolla aldığı 276 min ABŞ dolları maliyyə vəsaiti üzrə saxta əməliyyatlar həyata keçirirmiş.
2016-cı ildə Prezidentin sərəncamı ilə əfv edilib.
Prezidentin əfvinə sığınan A.Məmmədli çirkli əməlindən əl çəkmədiyini bu dəfə SMDTM-in 2018-ci il Prezident, 2019-cu il bələdiyyə, eləcə də 2020-ci parlament seçkiləri barədə hazırladığı hesabatla təsdiqləyib. Hesabatda bütün seçkilərin qeyri-demokratik mühitdə keçirildiyi vurğulanıb.
A.Məmmədli Azərbaycanda xaosun hökm sürməsini özünün strateji hədəfi bilən qərəzli beynəlxalq təşkilatlar üçün yerin dibindən çıxmış adamdır. SMDTM-in
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi” (USAİD), “German Marşal Fondu”, “Freedom House”, “National Endowment for Democracy” (NED), “National Democratic İnstitute” (NDİ), Çexiyanın “Prague Civil Society Center” təşkilatları tərəfindən maliyyələşməsinin səbəbi də budur.
Bu adamı yenə meydana çıxarıblar. Media orqanlarının yazdığına görə, A.Məmmədli 7 fevral 2024-cü il Prezident seçkisi çərçivəsində xarici donorların sifarişini pinti şəkildə həyata keçirməkdədir. O, əksər dairələrdə iş aparacağını bildirsə də, cəmi 50 civarında müşahidəçi toplaya bilib. Xeyli gənc A.Məmmədlinin təklifinə rədd cavabı verib, onun pul qazanmaq üçün həyata keçirdiyi ucuz şoularının iştirakçısı olmaq istəməyib.
Müşahidəçi kimi cəlb edilmiş şəxslər arasında maddi imkanları zəif şəxslər üstünlük təşkil edir. A.Məmmədli seçki eksperti kimi formalaşmayan gəncləri prosesə müşahidəçi kimi cəlb edərək xarici donorlardan külli miqdarda pul alır, əvəzində həmin gənclərə 40 manat, bu məbləğlə razılaşmayanlara cəmi 50 manat verir qalan vəsaiti mənimsəyir.
SMDTM sədrinin qalib ölkənin zəfər seçkisini urvatdan salmaq məqsədi artıq daşa dirənib. Media A.Məmmədlinin çirkli əməllərini ictimaiyyətə açıq şəkildə göstərməkdədir.
Mediaekspert.az