AZ   |   RU
Türkiyədən gəlmiş şəhid ailələri Missiya Media Qrupunun qonağı oldular - Nizami rayonunda “Azadlığın zirvə günü” adlı tədbir keçirilib


Milli Qəhrəman Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbdə Azərbaycan və Türkiyə şəhid ailələri nümayəndələrinin iştirakı ilə “Azadlığın zirvə günü” adlı tədbir keçirilib.


Missiya Media Qrupu və 229 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyədən gəlmiş şəhid ailələrinin təmsilçiləri, millət vəkilləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, Nizami rayonundan şəhid anaları, Türk Ağsaqqallar Birliyi – TAİB-in idarə heyətinin üzvləri , media nümayəndələri və digər qonaqlar iştirak ediblər.


Öncə qonaqlar məktəbin həyətində Missiya Media Qrupunun dəstəyi ilə ərsəyə gətirilmiş, şəhidlərin xatirəsinə həsr olunun abidə kompleksi önünə gül dəstələri qoyub. Ardınca məktəbdə  fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. 

Tədbir Azərbaycan və Türkiyənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.


Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Vüsalə Məmmədova bu kimi tədbirlərin gənclərin milli ruhda tərbiyə olunmasına, onlara vətənpərvərlik hissinin aşılanmasına xidmət etdiyini bildirib.


Tədbirdə çıxış edən millət vəkilləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi, Şəhid ailələri, TAİB idarə heyətinin üzvləri Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinə toxunaraq hər iki ölkə arasındakı münasibətlərin tarixi köklərə dayandığını söyləyib və Vətən Müharibəsinin ilk dəqiqələrindən Türkiyənin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyini xatırladıblar. Çıxışçılar Azərbaycan və Türkiyə torpaqlarının bütövlüyü uğrunda canını qurban verən qəhrəmanların heç zaman unudulmayacağını, xatirələrinin daim qəlblərdə yaşayacağını qeyd ediblər.


Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.


Tədbirdən  sonra Türkiyədən gəlmiş şəhid ailələrinin şərəfinə nahar yeməyi təşkil olunub.

 

Leyla SƏMƏNDƏR
Missiya.Az





  • 15-01-2024, 18:16