AZ   |   RU
Mikayıl Müşfiqin seldən ziyan çəkmiş Xatirə Muzeyinə biganəlik – Mədəniyyət Nazirliyi hara baxır?


Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.


Bu təsirli, ağrı-acılı misraların müəllifi Azərbaycanın böyük şairlərindən, tərcüməçi, pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərnəşr"in keçmiş redaktoru olmuş Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq)dir. M.Müşfiq uşaq yaşlarından ata-anasını itirib və qohumlarının himayəsində böyüyüb. Çətin uşaqlıq dövrü yaşayıb. Şairimiz Dilbər Axundzadə ilə evli olub.





O poeziyamızın inkişafında böyük rol oynamış şairlərdən biridir. Müşfiq şeirlərində sevgini, gözəlliyi tərifləyir, sosial və mədəni məsələlər üzrə fikirlər dilə gətirirdi. Xalq yolunda, haqq yolunda yazaraq mübarizə aparan şairlərdən idi. Lakin, bu fəaliyyətinə görə müxtəlif işgənclərə məruz qalıb, Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnib. O 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət alıb. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Müşfiq ailəsinin təmsilçisi Reyhan İsmayılzadə saytımıza müraciət edərək, narazı olduğu bir sıra məsələləri dilə gətirib və həmin şikayətlərin işıqlandırılmasını xahiş edib.

O, Missiya.Az-a açıqlamasında deyib:

“Atam da şair olub. Müşfiqin son davamçıları, ailə üzvləri sayılırıq. Bir sıra şikayətlərimiz var və vurğulayım ki, bu, ictimaiyyət tərəfindən də qınaqla qarşılanır. Birinci məsələ şairin Xızıdakı Xatirə Muzeyini avqust ayında sel yuyaraq ziyan verməsilə bağlıdır. Müşfiqin məzarı yoxdur deyə, hər il onun Bakıdakı Statistika Komitəsi tərəfdə olan büstü önünə toplaşırıq, tədbir keçirilir və sonra həmin Xızıdakı Xatirə Muzeyinə gedirdik. Amma seldən sonra körpü uçub, ora gediş - gəliş xeyli çətinləşib". 




R. İsmayılzadə bildirib ki, Xızıdakı Xatirə Muzeyi ətrafında körpü ilə yanaşı, ağacları da sel aparıb. Sanitar qovşaq da bərbad vəziyyətdədir:

“Məsələ ilə bağlı neçə müddətdir ki, müzakirələr gedir, amma nəticə yoxdur. İkinci məsələ Müşfiqə Yazıçılar İttifaqının verdiyi evi var ki, Dilbər xanımla ailə qurduqdan sonra bir neçə il orada yaşayıb. Sözügedən binanın qarşısında bir barelyefi qoyulub. Elə qoyulmasındansa, olmasaydı ondan yaxşı idi. Ora şairin karikaturaya oxşayan, sanki karandaşla çəkilmiş bir şəkli vurulub. Üzü də doğru-düzgün görünmür. Üstünə də yazıblar ki, Mikayıl Müşfiq Qədir oğlu halbuki atasının adı Əbdülqadirdir. Sonra qeyd ediblər ki, 1908-1939-cu illərdə bu evdə yaşayıb. Həqiqətən böyük hörmətsizlikdir. Şairimiz 6 yanvar, 1938-ci ildə repressiya qurbanı olub. Binada isə 1934-1937-ci illərdə yaşayıb. Çünki 37-ci ildə artıq tutulub, ordan aparılıb. Neçə dəfə media bunu işıqlandırsa da yenə də ortada nəticə yoxdur. Çox təəssüf…”.

Ölməz şairimizin yaxını onu da söyləyib ki, Müşfiqin doğulub boya-başa çatdığı yerlə əlaqədar da narazı olduğu məqam var ki, şairin orda bir evi yoxdur və bununla bağlı müvafiq qurumlara müraciətlər edilib:

“Orda da bir xatirə lövhəsi var idi, həmin ərazi sadəcə söküntüdədir. Sözügedən löhvə də keyfiyyətsiz qoyulmuşdu. Ona görə də sınıb, dağıldı. Hazırda Müşfiqin yaşamış olduğu o yerdə təəssüf ki, bir evi yoxdur".

Əlavə etmək yerinə düşər ki, Azərbaycan öz qələm ustadları, dahiləri, yazıçıları, şairləri ilə daim tanınıb. Onlar öz möhtəşəm əsərləri, vətən və xalq üçün yorulmaz xidmətləri nəticəsində adlarını ölümsüzlüyə həkk ediblər. Dahilərimizin xatirəsinə hörmət etmək, adlarının daim yaşadılması çox önəmlidir. Müvafiq qurumlar, səlahiyyətli orqanlar yuxarıda vurğulanan problemlərə və digər bu kimi məsələlərə anında reaksiya verməli, lazımi tədbirləri görməlidir. Belə vacib nüanslara biganə qalmaq olmaz.

Zərintac Mayisqızı
Missiya.Az




  • 8-01-2024, 15:47