"Azərbaycanla strateji müttəfiqliyimizi gücləndirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün birgə səylərimiz uğurla davam edir”.
Missiya.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.
Nazir bildirib ki, Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha da inkişaf etdirəcək:
"Biz sarsılmaz həmrəyliyimizi, xüsusilə də müdafiə sənayesi və hərbi sahədə əməkdaşlığımızı daha yüksək səviyyələrə çatdırmaq üçün davamlı olaraq çalışırıq. Qafqaz regionunun artıq münaqişəyə deyil, dostluq və əməkdaşlığa ehtiyacı var.
Qafqazda təhlükəsizlik və sülh Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsindən keçir. Bu istiqamətdə səmimi səyləri dəstəkləyirik və mümkün qədər tez müsbət nəticə əldə etməyi arzulayırıq”.
Yaşar Güler Türkiyənin həm kədərli, həm də sevincli gündə Azərbaycanla bir yerdə olduğunu bildirib. O, son vaxtlar Azərbaycanla Ermənistan arasında etimadı artıran addımların atılmasından məmnun olduğunu ifadə edib.
“Noyabrda Bakıda Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşünü keçirdik. Bu görüş hərbi və təhlükəsizlik məsələləri də daxil olmaqla geniş spektrli məsələlər üzrə hər üç ölkənin ümumi maraqlarına və gözləntilərinə xidmət etdi. Regional sabitliyin təmin edilməsi istiqamətində çoxşaxəli səylərimiz gələcəkdə də davam edəcək”, - nazir deyib.
Yaşar Güler Türkiyənin dost və müttəfiq ölkələrlə qarşılıqlı hərbi əməkdaşlığı inkişaf etdirmək üçün hərbi çərçivə sazişləri, təlim sahəsində əməkdaşlıq və hərbi yardım müqavilələri imzalandığını da xatırladıb.