Türkiyənin turizm bölgələri Azərbaycan şərabları üçün potensial ixrac yeri ola bilər.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
O qeyd edib ki, bu istiqamətdə təşviqat kampaniyaları aparılacaq: “Bununla yanaşı, 2024-cü ildə mövcud satışlarımızın daha da möhkəmləndirilməsi üçün işlərin aparılması nəzərdə tutulur”.
Y.Abdullayev vurğulayıb ki, ölkədə üzüm bağlarının sahəsi artır: “Bölgələrdə bu istiqamətdə inkişafı görürük”.
AZPROMO rəsmisi deyib ki, “Ağdam” şərabının istehsalı dövlətin xüsusi diqqətində olan məsələdir: “Ağdam” şərabının yenidən bərpa edilməsi üçün İqtisadiyyat Nazirliyi xüsusi qaydalar tərtib edib, bu qaydaların əsas məqsədi “Ağdam” şərabını istehsal etmək istəyən istehsalçının Qarabağ iqtisadi bölgəsində torpağının olmasıdır. Müsabiqə keçirilib və müsabiqədə qalib gələn şirkətin Füzulidə üzüm bağı var. “Ağdam” şərabı üçün istehsal edilən üzüm növləri, həmin ərazidə istehsal ediləcək. Bu, əsas tələb idi, çünki coğrafi göstəricinin qorunması çox önəmli idi. Hazırda Ağdam şərabı istehsal edilir”.
O xatırladıb ki, Ümummilli Liderin həm sovet, həm də müstəqillik dövründə şərabçılığın inkişafına diqqət və qayğısı olub: "Nəticədə 2000-ci illərdə ölkədə şərabçılq inkişaf edib və Azərbaycan şərabı dünya bazarlarına çıxarılıb. 2018-ci ildə şərabçılığa dair dövlət proqramı qəbul edilib və bu proqram özündə həm istehsalın, həm də üzüm bağlarının daha çox salınmasını ehtiva edir”.
Y.Abdullayev diqqətə çatdırıb ki, hazırda ölkədə 17 min hektar sahədə üzüm bağı var: “Bu, 40 il əvvəl olan sahələrdən 15 dəfə azdır. Amma dövlətin bu sahəyə verdiyi dəstək sayəsində üzüm bağlarının sahəsi artır. Şərab istehsalı əsasən texniki növ üzüm istehsalı əsasında olur. Dövlətin əsas prioriteti yerli texniki sortlarının inkişaf etdirilməsidir. Burda tingçilik proqramı çox önəmlidir. “Mədrəsə” və “Bayanşirə” adlı məşhur üzüm sortlarının artımı gündəmdədir”.