AZ   |   RU
Dünyanı qaraya bürüyən AĞ rəngli EV - “Demokratiyanın beşiyində” hazırlanan çirkin oyunlar....

 Dünyada çirkin siyasi oyunların ideya müəlliflərinin, dovşana qaç, tazıya tut prinsipi ilə ölkələrarası münaqişələr yaradıb sonra “sülh göyərçini” rolunda bu münaqişəni guya aradan qaldırmaqla məşğul olan politdəllalların Ağ Evdə cəmləşdiyi heç kəsə sirr deyil. Təkcə bumu? Əlbəttə ki, yox. Ağ Evdən qaynaqlanan daha dəhşətli faktlar var. Coğrafiyasından asılı olmayaraq,müxtəlif dini qruplaşmaların,radikal silahlı dəstələrin adı ilə bağlı olan qanlı terror aktlarının arxasında bir çox hallarda ABŞ dayanır. İnsanların ağlına da gəlmir ki, adına Ağ Ev deyilən binada qara paltarlı, qara maskalı adamların düyməsi basılır. Bütün bunlarla paralel olaraq qanunsuz silah alverindən, narkotik ticarətindən danışsaq, yenə diqqət mərkəzinə ABŞ gələcək.  Bu dövlət demokratiya ixracatı, insan hüquqlarını müdafiəsi adı altında ayrı-ayrı ölkələrdə sərvətlərin talanması ilə məşğul olur, şantaj və təhdid yolu ilə iqtisadiyyatları ələ keçirir. Bildiyiniz reketçilik! Bunun başqa adı yoxdur. Elə bir ölkə nümunə göstərə bilərsinizmi ki, ABŞ ora demokratiya gətirib normal cəmiyyətin formalaşmasına səbəbkar olub? Ərəb ölkələrinin altından girib, üstündən çıxdı ki, bəs indən belə bu ölkələrdə səadət günəşi bərq vuracaq.İraqda, Liviyada, Suriyada və amerikanın ayağı dəymiş digər ölkələrdə demokratiyanın “d”-sını görən varmı? Gördüyümüz ancaq viran qoyulmuş torpaqlar, iflic edilmiş iqtisadiyyatlardır.Uzağa getməyək, qonşu Gürcüstana gəldilər, elə bir oyun qurdular ki, ölkə torpaqlarının təxminən 20 faizindən məhrum oldu. Gürcüləri Rus ayısının cənginə verib aradan çıxdılar. Yadınıza gəlir da,Corc Buş gəlib Tiflisinin mərkəzində rəqs də edirdi. Bax, bu rəqs, daha doğrusu bu oyun,gürcülərə baha başa gəldi- torpaqlarından oldular .O vaxtdan bu günə qədər  bir qarışını belə geri qaytara bilməyiblər. Hələ mən Gürcüstanda hakimiyyətə gətirib prezident etdikləri, sonra Ukraynada müxalifətə çevirib, ardınca ölkə vilayətində quberanator kimi işlətdikləri  Saakaşvilinin aqibətindən danışmıram.... Adamı sınaq nümunəsinə çevirib başına min cür oyun açdılar. İndi Ukraynaya da eyni aqibəti yaşadırlar. Ölkəni müharibəyə təhrik edib, sona qədər arxasında duracaqlarını bəyan etmişdilər. Nə baş verdi? Kiyev 100 minlərlə qurban verdi, əraziləri əldən çıxdı, indi deyirlər ki, Rusiya ilə danışıqlar masasına oturun! Bəs axıdılan qanlar? İtirilən torpaqlar? Dağlmış ölkə? Sıradan çıxarılmış iqtisadiyyat? Bütün bunlar nəyə görə idi?

Qısası, bütün lokal və total müharibələrin təhrikçisi olan ABŞ-nin bu gün Azərbaycana qarşı sərgilədiyi mövqedə də təəccüblü heç nə yoxdur. II Qarabağ müharibəsində əldə etdiyimiz qələbə sanki Ağ Evin başına daş salıb. Zəfərimizi, dövlətimizin müstəqil siyasətini həzm edə bilmirlər. Özünü əksər hallarda media orqanları vasitəsilə ifadə etməyə çalışan ABŞ ara-sıra “Vaşinqton Post” qəzetini də üstümüzə hürdürür.

Yenə Azərbaycandan bəhs ediblər, yenə qərəz, yenə hikkə.

Ödənişli əsaslarla istənilən uydurmaya yer ayırmağa hazır olan “Vaşinqton Post”, daha doğrusu bu qəzet vasitəsilə Azərbaycana qarşı kampaniya aparan dairələrin narahatlığını başa düşmək olar.Dövlət başçımız İlham Əliyev Azərbaycanın  kənar qüvvələr tərəfindən idarə olunmasına, siyasətinin müəyyənləşdirilməsinə və nəticədə,oyuncaq ölkəyə çevrilməsinə imkan vermir, ölkə və regionla bağlı qurulmuş bütün kombinasiyaları cəmi bir gedişlə alt-üst edir! Məyusluq üçün ciddi əsasdır. Bir məsələdən qısa müddət kəsiyində bir neçə dəfə bəhs edib, hər dəfə də eyni tezislər və eyni “mənbələrdən” istifadə etməklə xüsusi maraq güddüyünə şübhə yeri qoymayan “Vaşinqton Post” bu vaxta qədər o qədər yalan tirajlayıb ki, bundan hətta Donald Tramp da prezident olarkən  xirtdəyə yığılmışdı. Ağ Evin o zamankı sahibi ötən il öz Twitter  hesabında açıq şəkildə yazmışdı: “Vaşinqton Post” öz məqalələrində mütəmadi olaraq anonim mənbələrə istinad edir. Halbuki, heç bir mənbə yoxdur. Bu qəzet həqiqi adamlara çox nadir hallarda istinad edir. Çünki,onlara lazım olan ancaq neqativ ruhda danışanlardır. Belələrini isə tez-tez tapa bilmirlər. Bu qəzet jurnalistikanın adını biabır edir“.

Bundan başqa, dünya ictimaiyyəti Trampın dilindən, “Bu qəzet Amerika xalqının düşmənidir” kimi fikirlər də eşidib. Amerikanın digər ünlü siyasi xadimləri də “Vaşinqton Post”nu intriqaçılığa meyillilikdə qinayıblar.

“Vaşinqton Post”un sahibi, bütün dünyaya internet vasitəsilə “nosqiderjatel” kimi xırda-xuruş  ixrac etməkə milyardlar qazanmış Ceff  Bezosu doğrudan da insan haqları-filan kimi məsələlər maraqlandırırsa, onda rəngarənglik üçün elə ABŞ-dəkı “kiçik Quantanamolar”dan da xəbərlər hazırlaya bilərlər. Bəlkə də çoxlarına təəcüblü gələcək, ancaq fakt odur ki, bu gün ABŞ-də siyasi motivlərlə həbs olunmuş  şəxslərin saxlanıldığı gizli təcridxanalar var. İkisinin yerini dəqiq göstərə bilərik: Terri-Xotda (İndiana ştatı) və Merionda (İllinoys ştatı). Haradan bilirik? TED Fondunun rəhbəri  Uil Potterin (Will Potter) “The Real News Network”a (www.therealnews.com) verdiyi müsahibələrindən. Məhz Potter  müxtəlif vasitələrdən istifadə edərək, “Kommunikasiya idarəetməsi bloku” (Communications Management Units) adlanan  həmin o gizli təcridxanalardan birinə daxil ola bilib. Onun sözlərinə görə, gizli təcridxanalarda insan haqlarının kobud şəkildə pozulması halları yaşanır. Lakin heç kəsin əli ora çatmır. Çünki bu işgəncə əraziləri vətəndaşların üzünə bağlıdır – nə xəbər ötürmək, nə də xəbər almaq mümkündür.

Potterin müsahibəsini oxuduqca “Demokratiya quşxanasında” siyasi azadlıqlar sahəsinin hansı vəziyyətdə olması barədə aydın təsəvvürlər yaranır. Yeri gəlmişkən, ABŞ-də fəaliyyət göstərən Vətəndaş Azadlıqlarının Müdafiəsi İttifaqı da (American Civil Liberties Union – ACLU (www.aclu.org) belə gizli həbsxanaların mövcudluğunu insan haqlarına zidd hesab edir.

Bu günə qədər dəfələrlə əldən-ələ keçmiş, bir maliyyəçinin nəzarətindən başqa bir maliyyəçinin himayəsinə transfer etmiş, qaynatadan kürəkənə, ondan da arvadına ötürülmüş, sonra satıla-satıla gəlib “Amazon” ailəsinə daxil olmuş “Vaşinqton Post”, Stilson Xatçinsin dövründə də kommersiya maraqlarından çıxış edib, Con R.Maklinin nəzarətinə keçəndə də, Yucin Meyer tərəfindən himayə olunanda da.  1877-ci ildən üzü bəri siyasi oyunlarda istifadə olunan və bu vasitə ilə böyük pullar qazanmış bir qəzetin yalnız adı həşəmətli ola bilər – mahiyyəti belə deyil!

Əslində ABŞ Azərbaycanda qurduğu, maliyyələşdirdiyi, dövlətə və xalqa qarşı istifadə etdiyi agentura şəbəkəsinin və bunun bir qolu olan Abzas.medianın ifşa olunmasından, yaratdığı xəyanətkar dəstələrin əl-qolunun bağlanmasından  narahatdır və bu narahatlığını da öz mediasında Azərbaycana, onun liderinə qarşı çirkin kampaniyalar təşkil etməklə büruzə verir. Bu isə bütövlükdə Azərbaycan xalqına və dövlətinə qarşı hörmətsizlikdir.

Əlbəttə, adekvat cavab alacaq, haqq etdikləri münasibəti görəcəklər.

Nicat Dağlar
Missiya.Az



  • 5-12-2023, 12:29