AZ   |   RU
Özbəkistan telekanallarında Azərbaycandan reportajlar yayımlanıb

Özbəkistanın “O’zbekiston” və “Dunyo Bo’ylab” dövlət telekanallarında Azərbaycana həsr olunmuş televiziya proqramları yayımlanıb.


Missiya.Az xəbər verir ki, qardaş ölkədə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında 2023-cü ilin “Heydər Əliyev ili” və Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Özbəkistanın aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycana mediaturu təşkil olunub. Mediatur zamanı özbək jurnalistlər Bakı, Şuşa və Füzuli şəhərlərində çəkilişlər aparıblar. 


Özbək və rus dillərində yayımlanan reportajlarda ölkəmiz haqqında geniş məlumat verilib. Bu məlumatlar Bakı şəhərinin qədim və müasir memarlıq üslubunda tikilmiş binalarının, meydanlarının, parklarının, o cümlədən Dənizkənarı Milli Parkın, Xəzərin füsunkar mənzərəsinin görüntüləri ilə müşayiət olunub.


Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanı, işğaldan azad edilmiş Şuşa və Füzuli şəhərlərinə dair xüsusi reportajlar verilib. Füzulinin işğaldan əvvəlki və sonrakı görüntüləri yayımlanıb, Ermənistanın işğalı və vandalizmi nəticəsində əzəli torpaqlarımızın xarabalığa və  ruhlar şəhərinə çevrildiyi vurğulanıb.


Tamaşaçıların diqqəti Qarabağın tacı olan Şuşa şəhərinin əsrarəngiz təbiətinə, zəngin tarixi və mədəni irsinə, Şuşada və Füzulidə aparılan bərpa-yenidənqurma işlərinə yönəldilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tapşırığı ilə Füzuli şəhərində tikilmiş Mirzə Uluqbəy adına 1 nömrəli orta məktəbdən reportaj təqdim olunub. Bildirilib ki, məktəb iki xalqın dostluğunun və qardaşlığının daha da möhkəmlənməsinə xidmət edir, burada azərbaycanlı gənclər Özbəkistanın zəngin tarixi və mədəniyyəti, ulu əcdadlarının irsi ilə tanış olurlar.


Özbək jurnalistləri Azərbaycanın qarşılaşdığı mina problemindən də söz açıblar. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) istinadən bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun azad etdiyi torpaqlarımızda Ermənistan tərəfindən işğal illərində kütləvi şəkildə minalar basdırılıb. 1991-ci ildən indiyədək 3 385 azərbaycanlının Ermənistanın mina terrorunun qurbanı olduğu, hazırda ərazilərin partlamamış minalardan təmizlənməsi üzrə tədbirlərin həyata keçirildiyi vurğulanıb.  


Missiya.Az

 



  • 1-12-2023, 17:34