AZ   |   RU
Bakıda Sosial İş və Sosial Tədqiqatlar üzrə beynəlxalq Konfrans keçirilib


Bakıda Azərbaycan Universiteti və Vaşinqton Universitetinin birgə təşkilatçılığı ilə Sosial İş və Sosial Tədqiqatlar üzrə beynəlxalq Konfrans keçirilib.

Missiya. Az xəbər verir ki, inteqrativ psixososial terapevt və alternativ tibb üzrə mütəxəssis İlkanə Qoca van den Berq konfransdakı təqdimatında son illərdə əldə etdiyi kliniki təcrübəyə əsaslanaraq “Qaçqın, məcburi köçkün, ya da hər ikisi? Azərbaycanın məsələsində məcburi miqrasiyaya məruz qalmış qaçqın və məcburi köçkünlərin psixoloji sağlamlığı” mövzusundakı araşdırmasının nəticələrini təqdim edib.

Araşdırmada doğma dədə-baba yurdundan didərgin düşən və Xocalıda məskunlaşan soydaşlarımızın, türk və azərbaycanlı olmaları səbəbi ilə soyqırımına məruz qalan şəxslərin yaşadıqları psixososial çətinliklər və travmaları diqqət çəkib.

Qeyd olunub ki, tədqiqatın məqsədi 80-ci illərin sonu və 90-ci illərin əvvəllərində Ermənistan və Özbəkistan Respublikalarından məcburi köçkün kimi Xocalıda məskunlaşan insanların durumunu təhlil etmək, habelə onların psixososial vəziyyətini və ehtiyaclarını araşdırmaq olub.

Ermənistan tərəfindən doğma yurdundan qaçaraq yaşadıqları travmalara görə təsir altında olan bu soydaşlarımız, ikinci dəfə də Xocalıda yeni qurulmuş evlərindən köçürülərək daha dərin travmalara məruz qoyulublar. Müxtəlif ölkələrdən köçmələrinə baxmayaraq, onlar bənzər kompleks “Travmatik Stress Pozuntusu və Gecikmiş Kədər Pozuntusu” ilə üzləşiblər.

Üzərindən 31 il keçməsinə baxmayaraq, yaralarının hələ də tam sağalmasına nail ola bilməyiblər. Hazırda belə soydaşlarımıza sosial və psixoloji dəstəyə ehtiyac olduğu vurğulanıb.

Təqdimatın sonunda nəticələrə əlavə olaraq, təkliflər də irəli sürülüb. Beynəlxalq iştirakçıların marağını cəlb edən mövzu ilə əlaqədar suallar da cavablandırılıb.

Qeyd edək ki, sözügedən araşdırma Birlikdə Güclüyük Fondu tərəfindən dəstəklənib. Konfransda həmçinin dünyanın 30 ölkəsinin müxtəlif universitet və tədqiqat mərkəzlərinin araşdırmaları da təqdim edilib.




  • 25-11-2023, 19:31