
Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün noyabrın 21-də Azərbaycan tərəfi ilə münasibətlərin tənzimlənməsinə dair sazişin altıncı təklifini göndərib.
Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, Ermənistan tərəfi sazişin mətni üzərində işi davam etdirib və onların Azərbaycanla qarşıdakı görüşlərdə təqdim olunmasını məqsədəuyğun hesab edib.
Ermənistan Xarici İşlər Nazirliyi danışıqlar zamanı İrəvanın əsas götürəcəyi bir neçə prinsipin adını qeyd edib:
“Heç bir qeyri-müəyyənlik olmadan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına hörmət, Alma-Ata Bəyannaməsi və ən son qanuni Sovet xəritələri əsasında növbəti demarkasiyanın həyata keçirilməsi, dövlətlərin suverenliyinə və yurisdiksiyasına, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında regionda infrastrukturun açılması”.
Məlumatda vurğulanıb ki, bütün çətinliklərə və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkanlar mövcuddur ki, bu da hər iki tərəfdə siyasi iradə olarsa reallaşa bilər.
Daşqın Həsənov
Missiya.Az