
Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir.
Missiya.Az xəbər verir ki, Xalq artisti səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdur. Bundan başqa O, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir.
Aktyor teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olub. Sevilən sənətkarımızın Azərbaycan teatr səhnəsində “Övlad” komediyasında Silva, “Bağlardan gələn səs” dramında Pərviz, “Ölülər” əsərində Məşədi Oruc, “Od gəlini” dramında Altunbay, “Büllur sarayda” pyesində Bayandur, “Bizim qəribə taleyimiz” pyesində Davud, “Bəşərin komediyası və yaxud Don Juan” əsərində Sqanarel, “Dəli yığıncağı” faciəsində Sərsəm Salman, “Fəryad” əsərində Rəhman, “Mesenat” əsərində Ağamusa Nağıyev, “Sevil” əsərində Əbdüləli bəy, “Qanlı Nigar” pyesində Abdi, “Gülüstanda qətl” pyesində Şahməmməd İsmiyeviç, “Afət” əsərində Xandəmir və s. rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb.
Yaşar Nuri həm də,hamı tərəfindən sevilərək izlənilən televiziya tamaşalarında da yadda qalan obrazların görkəmli ifaçısıdır. Çoxlarımız Yaşar Nurinin baş rol ifaçısı olduğu tamaşaları sevə-sevə izləyirik. Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Qonşu qonşu olsa”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Yarımştat”, “Ac həriflər”, “Göz həkimi”, “Yaşıl eynəkli adam”, “Səni axtarıram” trilogiyasında və bir çox teletamaşalarda bənzərsiz rolların mahir ifaçısına çevrilib. Bir çoxları Yaşar Nurini “tamada Surxayzadə”, “Gülərin Həsənağası”, “Gülnarın Elçini”, “çəkməçi Dadaşov, “fotoqraf Əli bəy” kimi xatırlayır.
Böyük sənətkarın aktyorluq fəaliyyəti bununla məhdudlaşmır. Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkarımız “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Hər şey yaxşılığa doğru”, “Lətifə”, “Qətl günü”, “Fransız”, “Yoxlama” və s. filmlərdə rol alıb.
Aktyor uzun sürən xəstəlikdən sonra 2012-ci ildə noyabrın 22-də dünyasını dəyişib.
Bəli, sənətkarlar, ustadlar ölmür, onlar insanların qəlbində daim yaşayır. İnsanlara sevinc, təbəssüm, gülüş bəxş edən Yaşar Nuri də belə əbədiyaşar sənətkarlardan idi...
Əmir Əhmədov
Missiya.Az