
Bu gün Azərbaycanın kinorejissouru, kinooperatoru, ssenaristi, Xalq artisti Rasim Ocaqovun doğum günüdür.
Missiya.Az xəbər verir ki, Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Şəki şəhərində dünyaya göz açıb. O 1951-1956-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib.
Respublikanın Xalq artisti Azərbaycan kinosuna operatorluq sənətinin ən gözəl nümunələrini - "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərini yaradıb.

Rejissor kimi ilk fəaliyyəti 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olub. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o qəhrəmanların ifaçılarını dəyişdi, ssenarini yenidən işləyib. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırıb. Onun növbəti rejissor işi “Tütək səsi” filmi olub. Ekran əsəri öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib. Bundan sonra çəkdiyi "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət" və "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən mənfi hallara göz yummamağa çağırıb.
Onun çəkdiyi həqiqi sənət nümunələri Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edib.

İllər nə qədər keçsə də, xalq bu cür sənətkarlarını heç vaxt unutmur, adlarını əbədi yaşadır.
Zərintac Mayisqızı
Missiya.Az